Hüquq sisteminin problemlərinin həlli üçün bu addımlar atılmalıdır - MÜSAHİBƏ
Azərbaycanda hüquq sisteminin inkişafı və hüquqi institutların səmərəli fəaliyyəti üçün peşəkar hüquqşünas kadrların hazırlanması mühüm məsələlərdən biri kimi aktuallığını qoruyur. Müasir dövrdə hüquqi münasibətlərin genişlənməsi, dövlət idarəçiliyində və ictimai həyatın müxtəlif sahələrində hüquqi tənzimləmənin artması bu sahədə ixtisaslı mütəxəssislərə olan tələbatı daha da artırır. Mövcud statistika isə göstərir ki, ölkədə hüquqşünasların sayı beynəlxalq göstəricilərlə müqayisədə yetərli deyil və bu istiqamətdə həm təhsil, həm də peşəkar hazırlıq məsələləri xüsusi diqqət tələb edir. Bu mövzu “LEGIS” Beynəlxalq Hüquq Forumunda da müzakirə olunub.
Mövzu ilə bağlı hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Crossmedia.az-a müsahibə verib:
-Sizcə Azərbaycanda hüquq təhsili lazımi səviyyədədirmi?
-Bu gün hüquq fakültələrində təhsil alan tələbələrin tələbləri kifayət qədər yüksəkdir və onların bilik səviyyəsini artırmaq üçün mühüm addımlar atılır. Ən yaxşı müəllimlərin tədrisə cəlb olunması, proqramların tədricən müasirləşməsi və tələbələrin nəzəri hazırlığının güclənməsi bunu göstərir. Növbəti mərhələ isə hüquqi təhsilin praktika ilə daha sıx bağlanmasıdır: real işlər üzərində təlim, hüquqi yazı və məhkəmə nitqi bacarıqları, eləcə də klinik təhsil daha geniş tətbiq olunsa, hüquq təhsilinin keyfiyyəti daha yüksək səviyyəyə qalxa bilər.
-Gənclər arasında hüquq elminə marağın hazırkı durumunu necə qiymətləndirirsiniz?
-Çox yaxşı. Bu gün hüquq sahəsində elmə marağı olan kifayət qədər gənc təhsil alır. Düzdür, onların hamısı elmi istiqamətə yönəlməyəcək, əksəriyyətinin praktiki hüquq fəaliyyəti ilə məşğul olması daha real görünür. Amma bu, marağın zəif olması demək deyil, əksinə, gənclərin elmi düşüncəyə meyli getdikcə artır, qanunvericilikdə dəyişiklikləri izləyən, məhkəmə təcrübəsini analiz edən, müqayisəli hüquqa və beynəlxalq təcrübəyə maraq göstərən tələbələrin sayı çoxalır. Üstəlik, elmlə təcrübəni bir-birinə qarşı qoymaq da doğru olmaz. Güclü praktik hüquqşünas olmaq üçün də elmi yanaşma lazımdır, düzgün hüquqi arqument qurmaq, mənbələrlə işləmək, qərarları əsaslandırmaq, mövqeni sübutlarla müdafiə etmək. Bu baxımdan, bu gün elmə maraqlı tələbələrin bir hissəsi sabah tədqiqatçı olmasa belə, hüquqa elmi baxış gətirən peşəkarlar kimi formalaşa bilər. Digər tərəfdən, bu marağın daha davamlı olması üçün motivasiya və mühit də vacibdir, elmi rəhbərlik, akademik yazı bacarıqları, müzakirə mədəniyyəti, konfrans və debat imkanları, klinik təhsil və tədqiqat proqramları artdıqca gənclərin hüquq elminə bağlılığı daha da güclənəcək. Yəni ümumi mənzərə müsbətdir, əsas məsələ bu marağı sistemli şəkildə dəstəkləmək və nəticəyə çevirməkdir. Qeyd olunan motivasiya yaradacaq amillərin əksəriyyətini biz auditoriyalarda tətbiq edirik, bu da çox müsbət nəticə verir.
-Bildiyiniz kimi hüquq bir zamanlar ən prestijli sahələrdən idi, sizcə indi də belədirmi?
-Əlbəttə. Hüquq həmişə prestijli olub və olacaq da. Bu prestij lovğalanmaq üçün olan görüntü deyil. Cəmiyyətdə bütün sahələr hüquq normaları ilə tənzimləndiyi üçün heç bir sahəni bu normalarsız təsəvvür etmək mümkün deyil. İqtisadi münasibətlərdən tutmuş ailə və əmək münasibətlərinə, biznesdən dövlət idarəçiliyinə, media və rəqəmsal mühitdən beynəlxalq əlaqələrə qədər hər yerdə hüquq “oyunun qaydalarını” müəyyən edir.
Üstəlik, hüququn prestiji təkcə adla deyil, məsuliyyətlə ölçülür. Hüquqşünas ədalətin qorunmasında, hüquqların müdafiəsində, mübahisələrin sivil yolla həllində, dövlət-vətəndaş münasibətlərində balansın saxlanılmasında birbaşa rol oynayır. Buna görə də hüquq peşəsi cəmiyyətdə etimad və sabitlik yaradan əsas sütunlardan biridir. Düzdür, bu gün prestijin forması bir qədər dəyişib,əvvəllər hüquq fakültəsi avtomatik olaraq yüksək status kimi görünürdüsə, indi prestij daha çox peşəkarlıq, nəticə və ixtisaslaşma ilə müəyyənləşir. Yəni sadəcə diplom yox, bilik, etik davranış, güclü hüquqi yazı və nitq, analitik düşüncə, praktik bacarıq prestiji qoruyub saxlayır və daha da artırır. Bir sözlə, hüquq həmişə prestijlidir, çünki cəmiyyətin işləməsi üçün hüquq zəruridir. Əsas məsələ odur ki, bu prestiji daşıyan insan da daim özünü inkişaf etdirməli, hüququ yalnız peşə kimi yox, məsuliyyət kimi qəbul etməlidir.
-Gənclər arasında hüquqa marağı artırmaq üçün hansı addımlar atılmalıdır?
-Gənclər arasında hüquqa marağı artırmaq üçün ilk növbədə hüququ yalnız ixtisas kimi yox, gündəlik həyatı birbaşa təsir edən bir sahə kimi təqdim etmək lazımdır. Məktəbdən başlayaraq hüquq savadlılığı formalaşdırılmalı, əsas hüquqlar, məsuliyyət və real həyat situasiyaları sadə dildə izah olunmalıdır. Universitetlərdə tədris daha çox praktikaya söykənməli, case müzakirələri, moot court, debatlar, hüquqi yazı və nitq bacarıqları sistemli şəkildə inkişaf etdirilməlidir. Bununla yanaşı, hüquq klinikalarının yaradılması, tələbələrin real işlərdə iştirak etməsi, hüquq büroları və qurumlarda düzgün təşkil olunmuş staj proqramları gənclərin marağını xeyli artırar. Eyni zamanda mentorluq, karyera istiqamətləndirilməsi, müsabiqə və təqaüd imkanları, eləcə də hüquqi mövzuların gənclərin dilində podkast və qısa videolarla izah edilməsi bu marağı daha davamlı və məqsədli hala gətirə bilər.
Ayhan
12:03 07.02.2026
Oxunuş sayı: 1788