Qeyri-müəyyənliyi elmə çevirən dahi: Lütfi Zadənin doğum günü
Bu gün – 4 fevral dünyanın düşünmə tərzini dəyişən, süni intellektin, müasir texnologiyanın və qeyri-müəyyənlik üzərində qurulan elmin əsasını qoyan Lütfi Zadənin anadan olduğu gündür.
Belə ki, o, təkcə azərbaycanlı alim deyil, XX əsrin ən təsirli intellektual simalarından biri, klassik məntiqin sərhədlərini aşaraq elmə yeni baxış gətirən şəxsiyyət idi.
1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində dünyaya gələn Lütfi Zadə (əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə) taleyin onu hələ uşaqlıqdan elm yollarına yönəldəcəyi bir ailədə böyüdü. Atası Rəhim Ələsgərzadə ziyalı, ticarətçi və publisist idi; anası isə tibb sahəsində çalışan, rus-yəhudi əsilli uşaq həkimi Feyqa Koreman. Bu müxtəlif mədəniyyətlərin və dillərin iç-içə olduğu ailə mühiti, gələcək alimin dünyaya çoxşaxəli baxışının ilk təməlini qoydu.
Lütfi Zadə hələ 6 yaşında ikən gələcəkdə alim və ya mühəndis olacağını dəqiq bilirdi. Bu, təsadüf deyildi. O illərdə aldığı təhsil, oxuduğu kitablar və ailəsindəki intellektual mühit onun düşüncə tərzini formalaşdırırdı. Lakin 1930-cu illərin ağır sosial-iqtisadi şəraiti ailəni Bakıdan İrana köçməyə məcbur etdi. Beləliklə, Lütfi Zadənin həyatında yeni bir mərhələ başladı.
Tehranda amerikalıların yaratdığı Albors məktəbində oxuyan gənc Lütfi ilk dəfə Qərb elmi ilə yaxından tanış oldu. Bu məktəb onun həyatında dönüş nöqtəsi oldu. Elmin inkişafı üçün yaradılan şərait, azad düşüncə mühiti, təcrübəyə əsaslanan yanaşma onu dərin şəkildə təsirləndirdi. Məhz bu dövrdə Amerika onun üçün sadəcə bir ölkə deyil, elm arzularının ünvanı oldu.
Tehran Universitetində elektrik mühəndisliyi təhsili alan Zadə, 1940-cı illərin ortalarında ABŞ-a yollanaraq təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirdi. Daha sonra Kolumbiya Universitetində çalışan alim, qısa zamanda elmi çevrələrdə diqqət çəkməyə başladı. Məşhur kibernetika dahisi Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya – Berkli Universitetinə köçməsi isə onun elmi taleyini tamamilə dəyişdi.
Berkli Universiteti Lütfi Zadə üçün sadəcə iş yeri deyil, elmi inqilabların mərkəzi oldu. Məhz burada o, 1965-ci ildə dünyanı sarsıdan qeyri-səlis məntiq (fuzzy logic) nəzəriyyəsini irəli sürdü. Klassik Aristotel məntiqinə görə hər şey ya “doğru”, ya da “yalan” idi. Zadə isə dedi: həyat belə işləmir. Gerçəklik ağ və qara deyil, sonsuz çalarlardan ibarətdir.
Bu fikir əvvəlcə elmi çevrələrdə ciddi müqavimətlə qarşılandı. Təxminən 20 il ərzində qeyri-səlis məntiq ABŞ elmi ictimaiyyəti tərəfindən qəbul edilmədi. Ancaq 1980-ci illərdə Yaponiyada bu nəzəriyyə praktik tətbiqini tapdı və nəticə sensasiyalı oldu.
Paltaryuyan maşınlardan tutmuş sürücüsüz nəqliyyat vasitələrinə qədər minlərlə sistem Zadə məntiqi ilə işləməyə başladı. Bu yanaşma Yapon sənayesinə milyardlarla dollar qazandırdı.
Bu gün “Sony”, “Canon”, “Honda”, “Nissan”, “Mitsubishi”, “General Electric”, “Motorola” kimi nəhəng şirkətlərin istehsal etdiyi texnologiyaların arxasında Lütfi Zadənin ideyaları dayanır. Süni intellektin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin, robot texnologiyalarının, hətta bəzi tibbi qərar mexanizmlərinin əsasında məhz onun qeyri-səlis məntiqi dayanır.
Lütfi Zadə bununla da kifayətlənmədi. O, Z-çevrilmə, soft computing, sözlə işləyən kompüterlər, dinamik sistemlər və idarəetmə nəzəriyyələri kimi bir çox fundamental elmi istiqamətlərin inkişafına təkan verdi. NASA daxil olmaqla, dünyanın aparıcı elmi mərkəzləri onun nəzəriyyələrindən bu gün də istifadə edir.
Onun elmi irsi yalnız laboratoriyalarla məhdudlaşmırdı. Lütfi Zadə tolerantlıq, çevik düşüncə və qeyri-müəyyənliyə dözümlülük fəlsəfəsini də elmə gətirdi. Onun fikrincə, dünyanı anlamaq üçün qəti hökmlər deyil, dərəcələr və ehtimallar lazımdır.
2017-ci ildə 96 yaşında Kaliforniyada vəfat edən alim, öz vəsiyyətinə uyğun olaraq Bakıda dəfn edildi. Bu, onun Azərbaycanla mənəvi bağlarının heç vaxt qopmadığının ən bariz sübutu idi. Bu gün Bakıda, Birinci Fəxri Xiyabanda uyuyan Lütfi Zadə təkcə bir alimin deyil, bütöv bir düşüncə məktəbinin adıdır.
Bu gün onun doğum günüdür. Amma əslində, bu gün elm tarixinin dönüş nöqtələrindən birinin ildönümüdür. Çünki Lütfi Zadə dünyaya bir nəzəriyyə yox, dünyanı fərqli düşünməyi öyrətdi.
Fatimə Məmmədova
11:25 04.02.2026
Oxunuş sayı: 680