Bir intiqamdan daha artığı: 47 Ronin hadisəsinin tarixi mənası
Tarix elə hadisələr tanıyır ki, onların üzərindən əsrlər keçsə də, mənası dəyişmir. 4 fevral 1703-cü il də məhz belə günlərdən biridir. Həmin gün Yaponiyanın Edo şəhərində 47 ronin – ağasını itirmiş samuray – tarixdə nadir rast gəlinən bir qərar verərək, ustadlarının qisasını aldıqdan sonra öz həyatlarına son qoydu. Bu hadisə sadəcə bir intiqam aktı deyil, dövlət qanunu ilə vicdan, itaət ilə şərəf arasında qalan bir cəmiyyətin aynası idi.
Hadisələrin kökü 1701-ci ilə gedib çıxır. Ako bölgəsinin hakimi Asano Naqanori imperator sarayında yüksək rütbəli məmur Kira Yoşinaka ilə münasibətlər zamanı açıq-aşkar alçaldılır. O dövr Yaponiyasında samurayın şərəfi onun varlığından da üstün sayılırdı. Təhqir isə bəzən ölüm hökmü qədər ağır qəbul edilirdi. Asano bu alçaldılmaya dözməyərək Kiraya qılınc çəkir. Lakin ədalət sistemi qəribə şəkildə işləyir: hücuma məruz qalan yox, təhqir edilən Asano cəzalandırılır. O, seppuku etməyə – yəni ritual intihar etməyə məcbur edilir. Bu hökm təkcə bir insanın yox, onun bütün sülaləsinin və xidmətində olan samurayların da taleyini dəyişir.
Asanonun ölümündən sonra ona bağlı 47 samuray rəsmi statuslarını itirərək “ronin”ə çevrilir. Ronin olmaq isə o dövrdə cəmiyyətin ən aşağı pilləsinə enmək demək idi. Lakin onlar bu taleyi qəbul etmir. Bu 47 nəfər üçün məsələ şəxsi qəzəb deyil, şərəfin bərpası idi. Onlar bilirdilər ki, bu yolun sonu ölüm olacaq, amma buna baxmayaraq and içirlər: Kira cəzalandırılmadan bu dünya onlara haramdır.
Bu təhlükəli planın başında Oyşi Kuranosuke dayanır. Oyşi anlayır ki, ani hücum uğursuzluqla nəticələnə bilər. Buna görə də aylarla davam edən səbirli və ağıllı bir taktika seçilir. Roninlər bilərəkdən cəmiyyət içində dağılır, hərəsi ayrı həyat yaşayır. Kimisi tacir olur, kimisi məbədə sığınır, kimisi isə kəndli kimi gizlənir. Oyşi özü isə qəsdən şərəfsiz bir həyat sürürmüş kimi davranır: ailəsindən ayrılır, sərxoşluq edir, küçələrdə aşağılamaq obyektinə çevrilir.
Məqsəd birdir. O da Kiranı arxayınlaşdırmaq...
Bu taktika nəticə verir. Kira təhlükənin keçdiyini düşünərək mühafizəsini zəiflədir. Roninlər isə gizli şəkildə silah toplayır, Kiranın sarayının planını öyrənir, çıxış yollarını araşdırır. Nəhayət, 1702-ci ilin 14 dekabr gecəsi Edo şəhərində sükut baraban səsləri ilə parçalanır. İki dəstə halında hərəkət edən roninlər Kiranın iqamətgahına hücum edir.
Bildirək ki, qısa, lakin qanlı qarşıdurmada onlarla mühafizəçi zərərsizləşdirilir. Roninlər evin hər guşəsini yoxlayaraq Kiranı tapırlar. Oyşi son anda ona adətə uyğun seppuku etmə şansı verir. Kira bu təklifi rədd edir və nəticədə onun başı kəsilir.
Qisas başa çatdıqdan sonra roninlər qaçmır, gizlənmir. Onlar kəsilmiş başı Senqakuci məbədinə aparır, ustadlarının məzarı üzərinə qoyur və özlərini hakimiyyətə təslim edirlər. Dövlət qarşısında çətin bir dilemma yaranır: bir tərəfdə imperator qanunlarının pozulması, digər tərəfdə isə busido – samuray şərəf kodeksinin mükəmməl şəkildə yerinə yetirilməsi. Nəticə kompromis olur: roninlər edam edilmir, lakin şərəfli şəkildə harakiri etməyə məhkum edilirlər.
4 fevral 1703-cü ildə 46 ronin seppuku edərək həyatlarına son qoyur. Onlar ustadlarının yanında dəfn edilir. Yalnız bir ronin sağ qalır – o, hadisəni gələcək nəsillərə çatdırmaq üçün bağışlanır və 78 yaşınadək yaşayır.
Bu hadisə Yapon tarixində sadəcə qanlı bir olay kimi deyil, sadiqliyin, ləyaqətin və vicdanın dövlət qanunundan üstün tutulduğu nadir nümunə kimi yadda qalır. “47 Ronin” hekayəsi əsrlərdir ədəbiyyatda, teatrda, kinoda yaşayır, hər il minlərlə insan Senqakuci məbədinə axışaraq bu samurayların məzarını ziyarət edir. Onların hekayəsi bir sualı daim gündəmdə saxlayır: qanunmu üstündür, yoxsa şərəf?
Bu səbəbdən 4 fevral tarixi sadəcə bir gün deyil. Bu tarix insanlığın yaddaşına yazılmış bir seçim anıdır – yaşamaqla şərəfini itirmək, yoxsa ölümlə ləyaqətini qorumaq arasında verilmiş qərarın tarixidir.
Fatimə Məmmədova
11:08 04.02.2026
Oxunuş sayı: 585