Qrenlandiyada müstəqillik müzakirələri yenidən gündəmdə: torpaq, kimlik və gələcək sualları
Qrenlandiyada təbiət təkcə landşaftın bir hissəsi deyil, həyat tərzidir. Nəsillər boyu insanlar dünyanın ən sərt iqlimlərindən birində torpaqdan və onun verdiklərindən asılı yaşayaraq formalaşıb. Müasir dövrün təsirlərinə baxmayaraq, ənənələr hələ də mədəniyyətin mərkəzində qalır.
Crossmedia.az bu barədə TRT World-a istinadən xəbər verir. Qrenlandiyalı Shaman Rakel Kristiansen qeyd edib ki, bu mədəniyyətin əsasını birgəyaşayış və icma anlayışı təşkil edir. Yerli baxışa görə, torpaq insanlardan əvvəl mövcud olub və onlar yox olduqdan sonra da qalacaq. Bu səbəbdən, insan özünün bir parçası olduğu şeyi sahiblik obyekti kimi görə bilməz. Bu düşüncə 300 illik kolonizasiya dövrünə baxmayaraq qorunub saxlanılıb və qanunvericilikdə də əksini tapıb: Qrenlandiyada insanlar evlərə sahib ola bilsə də, evin altında yerləşən torpaq onların mülkiyyəti sayılmır.
Lakin ABŞ-nin prezidenti Donald Trampın Arktika adası ilə bağlı açıqlamaları vəziyyəti daha da mürəkkəbləşdirib. Tramp Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından vacib olduğunu bildirib və adanın gələcəyini müəyyən etmək hüququndan danışsa da, bu mövzu ətrafında müzakirələr gərgin xarakter alıb.
Müxlifət lideri Pele Broberg qeyd edib ki, bu ayın əvvəlində Qrenlandiyanın əsas müxalifət partiyasının lideri ölkənin müstəqilliyə daha da yaxınlaşmasının vaxtının çatdığını deyib. O bildirib ki, özünüidarəetmə dövründən əvvəlki siyasətçilər dəfələrlə müstəqillik vədi versələr də, müxtəlif səbəblərlə bu proses davamlı olaraq təxirə salınıb.
Bununla belə, paytaxt Nuuk və digər bölgələrdə əhali arasında yanaşmalar fərqlidir. Qrenlandiyalı fəal, yerli xalqların hüquqları və uşaq rifahı sahəsində çalışan Njan Quark Hegeland ABŞ-nin adanı əldə etməyə yönəlik cəhdlərinin ictimai əhval-ruhiyyəni dəyişdirdiyini bildirib. Onun sözlərinə görə, bir çox insan müstəqillik məsələsində ehtiyatlı davranmağa başlayıb və qorxu səbəbindən Danimarka Krallığının tərkibində qalmağa daha meyilli olub.
Bu vəziyyət eyni zamanda Qrenlandiya ilə Danimarka arasındakı münasibətlərə də yenidən baxılmasına səbəb olub. Bəzi sakinlər Kopenhagenin adaya daha çox investisiya və diqqət ayıracağına ümid edir. Danimarkanın keçmiş siyasətləri - o cümlədən inuit qadınlarına məcburi doğum nəzarəti tədbirləri və ailələrin zorla ayrılması - hələ də cəmiyyətdə ağrılı xatirə kimi qalır.
Bir çox Qrenlandiyalı üçün bu proseslər ölkənin hələ də öz taleyini tam müəyyən edə bilmədiyini xatırladır. Torpağın onlara məxsus olduğuna inanmasalar da, gələcəklərinə tam məsuliyyət daşıya bilməmək hissi cəmiyyətdə artan narazılıq yaradır.
Sevinc Yarməmmədova
19:27 01.02.2026
Oxunuş sayı: 399