İnancla qorunan sirr: Qurani-Kərimdə adı çəkilən Azərbaycan məkanı
Azərbaycanda inanclarla, rəvayətlərlə və müqəddəs sayılan məkanlarla bağlı saysız-hesabsız yerlər mövcuddur. Onların arasında xüsusi çəkisi olan, həm dini, həm tarixi baxımdan fərqlənən ziyarətgahlardan biri də Naxçıvan ərazisində yerləşən Əshabi-Kəhf mağarasıdır. Bu məkan təkcə xalq inancında deyil, İslam dünyasında da mühüm yer tutur. Səbəbi isə Qurani-Kərimdə adı çəkilən nadir məkanlardan biri olmasıdır.
Əshabi-Kəhf min illərdir ki, insanları düşündürən, suallar doğuran və möcüzə kimi dəyərləndirilən hadisələrlə yadda qalıb. Xalq arasında nəsildən-nəslə ötürülən rəvayətlər bu mağaranın müqəddəsliyini daha da gücləndirib.
Zülmdən qaçanların sığınacağı
Rəvayətlərə görə, qədim zamanlarda Dağ Yunis adlı zalım bir hökmdar bütpərəstliyi yayır və Allaha inananlara amansız təzyiqlər göstərirdi. Onun vəziri Təmirxan isə bu zülmə qarşı çıxaraq bir neçə inanclı dostu ilə birlikdə şəhəri tərk etməyə qərar verir. Onlar təhlükədən uzaq olmaq üçün dağlara üz tuturlar. Yolda hökmdarın çobanı da onlara qoşulur. Çobanla birlikdə onun iti də qaçanların ardınca gəlir.
İtin səs salaraq onları ələ verəcəyindən qorxanlar onu uzaqlaşdırmaq istəsələr də, buna nail ola bilmirlər. Rəvayətə görə, it insan dili ilə danışaraq zülmdən qaçdığını bildirir və elə oradaca ölür. Çoban iti mağaranın yaxınlığında dəfn edir. Həmin yer bu gün də “Qitmir” adı ilə tanınır.
Bundan sonra qaçanlar mağaraya sığınır və burada onları dərin yuxu aparır. Bu yuxu adi yuxu olmur – onlar üç yüz ildən artıq müddətə yuxuda qalırlar.
Zamanı aşan oyanış
Uzun müddət sonra oyandıqlarında ac olduqlarını hiss edən dostlar vəziyyəti öyrənmək üçün Təmirxanı şəhərə göndərirlər. Lakin onun əlindəki pullar diqqət çəkir. Şəhər əhalisi bu pulların yüz illər əvvəl yaşamış hökmdara aid olduğunu anlayır və baş verənlərin adi olmadığını dərk edir.
Hadisənin möcüzə olduğunu anlayan insanlar mağaraya axışmağa başlayır. Təmirxan dostlarını xəbərdar etmək üçün mağaraya tələsir. Lakin mağarada olanlar bu marağın onların sirrini açacağını anlayaraq Allaha yalvarırlar. Rəvayətə görə, onlar qayaya söykəndikləri anda qeybə çəkilirlər. Mağaraya daxil olanlar isə yalnız izlərə şahid olurlar. Məhz bu hadisədən sonra mağara müqəddəs ziyarətgaha çevrilir.
Həzrəti Əli ilə bağlı inanc
Xalq arasında dolaşan başqa bir rəvayət isə mağaranın əhəmiyyətini daha da artırır. Deyilir ki, Həzrəti Əli Əshabi-Kəhfi ziyarət edib, burada namaz qılıb. Onun atı Düldülün ayaq izinin mağaradakı qayalıqda qalması bu gün də inanclı insanlar tərəfindən müqəddəs nişanə kimi qəbul olunur.
Tarix və təbiətin vəhdəti
Əshabi-Kəhf mağarasının yerləşdiyi ərazi və quruluşu onun çox qədim yaşayış məskəni olduğunu göstərir. Mağaranın içərisində iqlim şəraitinə uyğun təbii sığınacaqlar mövcuddur. Yayda sərin, qışda isə nisbətən isti olması burada uzun müddət yaşamağın mümkün olduğunu sübut edir. Təbii keçidləri, çətin giriş yolları mağaranı həm düşmənlərdən, həm də vəhşi heyvanlardan qoruyub.
Bu gün Əshabi-Kəhf təkcə dini ziyarətgah deyil, eyni zamanda Azərbaycanın mədəni və tarixi irsinin mühüm bir hissəsi kimi qiymətləndirilir. Sirrini qoruyan bu məkan əsrlər keçsə də, insanları düşündürməyə və cəlb etməyə davam edir.
Fatimə Məmmədova
12:00 30.01.2026
Oxunuş sayı: 409