Son günlər sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, görüntülərin müəllifi adı açıqlanmayan SEPAH zabitinin həyat yoldaşıdır.
Videoda qadın ərinin etiraz aksiyaları zamanı insanlara qarşı zorakılıq tətbiq etdiyini etiraf edir və onun qan içində olan hərbi geyimlərini nümayiş etdirir. Qadının sözlərinə görə, bu geyimlər etirazçılara qarşı istifadə olunub və o, artıq ərinin bu formada xidmət etməsini qəbul etmir.
O, videomüraciətində təhlükəsizlik qüvvələrinə qarşı cəmiyyətdə dərin nifrətin yarandığını vurğulayır: “İnsanlar bizə nifrət edir, bu açıq hiss olunur”, – deyə bildirir. Qadın əlavə edir ki, ərinin silah götürərək insanlara qarşı çıxmasını qəbul etmədiyi üçün qan qoxusu verən hərbi geyimləri yandırmaq qərarına gəlib.
Paylaşılan görüntülər İranda etirazlar fonunda təhlükəsizlik qüvvələri daxilində də daxili narazılıqların artdığına dair müzakirələri yenidən gündəmə gətirib. Rəsmi qurumlar videoya hələlik münasibət bildirməyiblər.