Moskva görüşü son dərəcə məxfi keçib
Rusiya Prezidentinin köməkçisi Uşakovun verdiyi məlumata görə, prezident Vladimir Putin ilə Amerika nümayəndə heyəti arasında Moskvada keçirilən görüş son dərəcə səmimi və məxfi şəraitdə keçib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı Amerika nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Davosda baş tutan görüşü ilə bağlı birbaşa qiymətləndirmələri Putinlə bölüşüb. Kreml divarları arasında Putin və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff arasında aparılan müzakirələrdə ABŞ Prezidentinin “Sülh Şurası” yaratmaq təşəbbüsü, eləcə də Qrenlandiya ətrafında yaranmış vəziyyət də gündəmdə olub.
Tərəflər Rusiya–ABŞ–Ukrayna təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasının cümə günü Əbu Dabidə keçirilməsi barədə razılığa gəliblər. Bildirilir ki, Rusiya nümayəndə heyəti artıq formalaşdırılıb, prezidentdən müvafiq təlimatlar alıb və yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcək.
Eyni zamanda, ikitərəfli iqtisadi işçi qrupunun rəhbərləri – Kirill Dmitriyev və Vitkoff arasında görüşün də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.
Uşakovun sözlərinə görə, ərazi məsələsində kompromisə əsaslanan yekun həll hələlik mümkün görünmür. Rusiya bu məsələnin həllini israrla tələb edir və əgər irəliləyiş olmazsa, xüsusi hərbi əməliyyatların davam edəcəyi mesajı açıq şəkildə verilib.
Bu görüş Moskva ilə Vaşinqton arasında pərdəarxası diplomatik təmasların intensivləşdiyini və yaxın dövrdə yeni siyasi-hərbi proseslərin başlaya biləcəyini göstərir.
09:35 23.01.2026
Oxunuş sayı: 2383