Yaxın Şərqdə gərginlik artır: ABŞ İordaniyada strateji hava bazasını gücləndirir
ABŞ-nin F-15E qırıcı təyyarələri və C-17 strateji nəqliyyat təyyarələrinin İordaniyanın Müvəffəq Salti Hava Bazasına yerləşdirilməsi regionda hərbi-siyasi gərginliyin artdığını göstərir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hərbi mənbələrin qiymətləndirməsinə görə, ABŞ İrana qarşı mümkün yeni hücum əməliyyatına başlarsa, sözügedən baza əsas logistika və əməliyyat mərkəzlərindən biri kimi istifadə oluna bilər.
Müvəffəq Salti Hava Bazası İran sərhədindən təxminən 850–900 kilometr məsafədə yerləşir. Bu da onu İranın ən dəqiq qısa mənzilli ballistik və taktiki raketlərinin zərbə radiusundan kənarda saxlayır. Bazanın vurulması üçün İranın orta mənzilli ballistik raketlərdən istifadə etməsi zəruri ola bilər.
Məlumatlara əsasən, ABŞ mümkün riskləri nəzərə alaraq bazanın hava və raketdən müdafiə sistemləri ilə gücləndirilməsi istiqamətində addımlar atır. Bu isə Vaşinqtonun regionda uzunmüddətli hərbi mövcudluğa və mümkün eskalasiyaya hazırlaşdığını göstərir.
Ekspertlər hesab edirlər ki, bu yerləşdirmə Yaxın Şərqdə təhlükəsizlik balansına birbaşa təsir göstərə və İran–ABŞ qarşıdurmasında yeni mərhələnin başlanğıcı ola bilər.
09:23 23.01.2026
Oxunuş sayı: 2475