Ümumdünya maliyyə böhranına nə qədər qalıb?- RƏY
"Dünya iqtisadiyyatı və Azərbaycan"(Layihənin ideya müəllifi Rüfət Quliyevdir)
XXI əsrin ikinci onilliyindən etibarən dünya iqtisadiyyatı dərin struktur dəyişiklikləri mərhələsinə daxil olmuşdur. Qlobal maliyyə axınlarının sürətlənməsi, iqtisadiyyatların bir-biri ilə sıx qarşılıqlı asılılığı və texnoloji transformasiyalar beynəlxalq iqtisadi sistemdə yeni çağırışlar yaratmışdır. Bu çağırışlar təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, eyni zamanda ənənəvi iqtisadi güc mərkəzləri hesab olunan dövlətlər üçün də ciddi risklər formalaşdırır.
Müasir qlobal iqtisadi mühitdə sabitlik anlayışı getdikcə nisbi xarakter almağa başlamışdır. Dövri böhranlar, inflyasiya təzyiqləri, maliyyə bazarlarında qeyri-müəyyənlik və sosial-iqtisadi bərabərsizliyin dərinləşməsi beynəlxalq iqtisadi gündəliyin əsas mövzularına çevrilmişdir. Bu proseslər fonunda dövlətlərin iqtisadi siyasəti artıq yalnız daxili inkişaf prioritetləri ilə deyil, həm də qlobal maliyyə və siyasi risklərin düzgün qiymətləndirilməsi ilə müəyyən olunur.
Xüsusilə son illərdə maliyyə sektorunun real iqtisadiyyata nisbətən daha sürətlə böyüməsi, yeni maliyyə alətlərinin meydana çıxması və kapitalın spekulyativ xarakter alması qlobal iqtisadi sistemin dayanıqlılığı ilə bağlı ciddi suallar doğurur. Eyni zamanda beynəlxalq ticarətdə proteksionist meyillərin güclənməsi, geosiyasi gərginliklər və regional münaqişələr iqtisadi risklərin miqyasını daha da genişləndirir.
Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə qlobal iqtisadi proseslərin mahiyyətini anlamaq, onların yaranma səbəblərini təhlil etmək və mümkün nəticələrini qiymətləndirmək xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan dünya iqtisadiyyatında baş verən fundamental dəyişikliklərin elmi və analitik yanaşma əsasında araşdırılması müasir dövrün əsas zərurətlərindən biridir.

Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bu gün dünya iqtisadiyyatında müşahidə etdiyimiz qlobal problemlər təsadüfi xarakter daşımır. Onların yaranmasının obyektiv səbəbləri mövcuddur və bu səbəblərin başlıcası bazar iqtisadiyyatının öz daxili mexanizmləri ilə bağlıdır. Bazar iqtisadiyyatı elə bir sistemdir ki, onun prinsipləri daxilində böhransız, inflyasiyasız və işsizliksiz inkişaf praktik olaraq mümkün deyil. Bu fundamental həqiqəti hələ XIX əsrdə Karl Marks “Kapital” əsərində elmi şəkildə əsaslandırmışdır. Maraqlıdır ki, bu nəzəriyyə sonrakı dövrlərdə müxtəlif istiqamətlərdə şərh edilsə də, bu günə qədər onu daha dərindən və sistemli şəkildə təkzib edən universal bir alternativ nəzəriyyə formalaşmamışdır. Əksinə, müasir dövrdə dünyanın aparıcı iqtisadçılarının əksəriyyəti bu yanaşmanı bazar iqtisadiyyatının ən işlək və real izah modeli kimi qiymətləndirir.
Hazırda da bazar iqtisadiyyatının mexanizmləri qlobal miqyasda fəaliyyət göstərməkdə davam edir və məhz bu mexanizmlər vaxtaşırı böhranların meydana çıxmasını şərtləndirir.
Tarixi ekskurs etdikdə görürük ki, iqtisadi böhranların tarixi təxminən iki yüz otuz il bundan əvvəl başlamışdır. İlk klassik iqtisadi böhranlar əsasən sənaye baxımından daha inkişaf etmiş ölkələrdə, xüsusilə İngiltərədə və ümumilikdə Avropanın qabaqcıl dövlətlərində müşahidə olunmuşdur. Bu böhranların əsas səbəbi əmtəə istehsalının həddindən artıq artması – yəni artıq istehsal və bazarın həmin malları udmaq qabiliyyətinin məhdud olması idi. Nəticədə istehsal olunan mallar satıla bilmir, bazar doyur və böhran yaranırdı.
Zaman keçdikcə böhranların xarakteri və dinamikası ciddi şəkildə dəyişmişdir. Əgər əvvəllər qlobal böhranlar təxminən 30–40 ildən bir baş verirdisə, müasir dövrdə bu interval əhəmiyyətli dərəcədə qısalmışdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, XIX əsrin sonlarından etibarən iqtisadi böhranların mərkəzi real sektor deyil, daha çox maliyyə sferası olmuşdur. Yəni böhranlar əvvəlcə maliyyə sektorunda baş verir, daha sonra isə real iqtisadiyyata ötürülür.
Bu gün dünya iqtisadiyyatına baxdıqda açıq şəkildə görürük ki, real iqtisadiyyat ümumi iqtisadi sistemin təxminən 25 faizini, maliyyə iqtisadiyyatı isə təxminən 75 faizini təşkil edir. Bu nisbət özü-özlüyündə risklərin miqyasını göstərir.
ABŞ ticarət siyasəti və inflyasiya riski
ABŞ-ın son illərdə həyata keçirdiyi proteksionist ticarət siyasəti, xüsusilə Donald Tramp administrasiyası dövründə tətbiq edilən yüksək tariflər və gömrük rüsumları inflyasiya təzyiqlərini gücləndirmişdir. Tramp öz çıxışlarında tez-tez yanacağın qiymətlərinin aşağı düşməsini nümunə kimi göstərsə də, iqtisadiyyat yalnız yanacaq sektorundan ibarət deyil. Minlərlə mal və xidmət növü mövcuddur və tariflərin artırılması bütün bu sahələrə təsir edir.
İstənilən ölkədən – istər Çin, istər Avropa İttifaqı, istərsə də digər dövlətlərdən ABŞ-a ixrac olunan malların üzərinə əlavə xərclər qoyulur və bu xərclər sonda istehlakçı qiymətlərində əks olunur. Nəticədə tələb müəyyən qədər azalsa da, qiymət artımı qaçılmaz olur.
Son dövrlərdə ABŞ-da avtomobil sənayesində, elektronika sektorunda, eləcə də əhali üçün strateji əhəmiyyət daşıyan ərzaq məhsullarında qiymət artımları müşahidə olunur. Əgər əvvəllər Qərb ölkələrində 1–1,5 faiz, maksimum 2 faiz inflyasiya norma hesab edilirdisə, bu gün artıq 2,5 faizdən aşağı inflyasiya səviyyəsi real görünmür və faktiki olaraq yeni norma kimi qəbul edilir.
ABŞ dolları hələ də dünya valyuta sistemində əsas mövqeyə malikdir. Hazırda qlobal əməliyyatların təxminən 62 faizi dollarla həyata keçirilir, halbuki bu göstərici əvvəllər 80 faizə yaxın idi. Bu azalma dolların mövqeyinin tədricən zəiflədiyini göstərir.
Dünya üzrə qızıl ehtiyatlarının yarıdan çoxunun ABŞ-ın "Fort Noks" anbarında saxlanıldığı bildirilir. Bununla yanaşı, bir çox dövlətlər də öz qızıl ehtiyatlarını etibarlılıq və təhlükəsizlik amillərini nəzərə alaraq ABŞ ərazisində mühafizə edirlər.
Eyni zamanda ABŞ istiqrazları hələ də yüksək etibarlılıq səviyyəsinə malikdir. Lakin Çin, Yaponiya və digər iri iqtisadiyyatlar bu istiqrazları tədricən sataraq qızıl ehtiyatlarını artırırlar. Bu tendensiya qızılın qiymətinin artmasına və maliyyə bazarlarında əlavə gərginliyə səbəb olur.
ABŞ-ın dövlət borcu artıq 38 trilyon dolları keçmişdir. Bu, yaxın perspektivdə tam çökmə demək olmasa da, zəifləmə tendensiyasının mövcud olduğunu açıq şəkildə göstərir.
Tramp administrasiyasının aztəminatlı amerikalılara birdəfəlik 2 000 dollar ödəniş etməyi planlaşdırması da məhz bu inflyasiya təzyiqlərinin nəticəsidir. Lakin hesablamalar göstərir ki, illik inflyasiya səbəbindən orta statistik bir Amerika ailəsinin itkiləri 4–4,5 min dollar təşkil edir. Bu baxımdan 2 000 dollar kompensasiya yalnız itkilərin bir hissəsini örtür və problemin mahiyyətini aradan qaldırmır əksinəa maliyyə sektorunun şişməsi və risklərin artmasına gətirib çıxardır.
Maliyyə sferasının süni şəkildə genişlənməsi və şişirdilməsi prosesi ilbəil sürətlənir. Artıq maliyyə alətləri təkcə pul vahidləri ilə məhdudlaşmır; müxtəlif qiymətli kağızlar, törəmə alətlər, qiymətli metallar və digər maliyyə instrumentləri bazarın əsas oyunçularına çevrilmişdir.
Real iqtisadiyyatda illik 10–12 faiz gəlirlilik uğurlu biznes göstəricisi sayılır, 20–25 faiz isə çox yüksək nəticə hesab olunur. Maliyyə sektorunda isə 50, 100, hətta 200 faiz gəlir halları mövcuddur. Bu da aparıcı şirkətlərin və iri kapital sahiblərinin məhz maliyyə sferasına yönəlməsinə səbəb olur. Risklərin yüksək olmasına baxmayaraq, potensial gəlirlərin böyüklüyü bu riski kölgədə qoyur".
Professor kriptovalyutalar və onun maliyyə sahəsində riskləri və yaratdığı probleri də qeyd edib:
"Son on ildə maliyyə bazarına yeni bir fenomen daxil olub– kriptovalyutalar. Qeyri-mərkəzləşdirilmiş valyuta modeli kimi təqdim edilən bu alətlər qısa müddətdə milyardlarla dollarlıq bazar formalaşdırmışdır. " Bitcoin" "Ethereum" və digər kriptovalyutalar üzərində aparılan spekulyativ əməliyyatlar nəticəsində bəzi oyunçular bir gecəyə yüz milyonlarla dollar qazanır, lakin eyni zamanda minlərlə insan ciddi maliyyə itkiləri ilə üzləşir. Bu proseslər də qlobal maliyyə böhranı risklərini artıran amillərdən biridir. Bir sözlə, böhran artıq başlayıb gedir və ən maraqlısı odur ki, böhran olduqca gündən-günə sürətlənir".
Professor, həmçinin qlobal proseslərin Azərbaycana təsiri barəsində də öz fikirlərini bildirib:
"Bütün bu qlobal iqtisadi proseslərin Azərbaycana təsir etmədiyini iddia etmək doğru olmaz. Azərbaycan dünya iqtisadiyyatına getdikcə daha çox inteqrasiya olunur. Bununla yanaşı, ölkəmiz maliyyə suverenliyini qorumağa, strateji ehtiyatlarını artırmağa və mümkün qlobal şokların təsirini minimuma endirməyə çalışır. Bu siyasət müəyyən mənada uğurludur, lakin təsirlər tamamilə aradan qalxmır.
Azərbaycanda inflyasiyanın mühüm bir hissəsi idxal olunan inflyasiya ilə bağlıdır. Xarici bazarlarda qiymətlərin artması istər-istəməz daxili bazara da təsir göstərir. Bundan əlavə, qlobal qeyri-sabitlik və çoxsaylı münaqişələr ölkəmizi müdafiə xərclərini yüksək səviyyədə saxlamağa məcbur edir. Təhlükəsizlik bu gün yalnız hərbi deyil, eyni zamanda iqtisadi anlayışdır.
Nəticə etibarilə demək olar ki, dünya iqtisadiyyatı istər-istəməz ABŞ maliyyə sistemindən asılıdır və bu sistem yaxın illərdə tam çökməyəcək. Lakin zəifləmə prosesi artıq başlamışdır və bu proses qlobal miqyasda yeni iqtisadi və maliyyə sarsıntılarına zəmin yaradır. Tarix göstərir ki, belə böhranlar adətən maliyyə sektorunda başlayır və daha sonra real iqtisadiyyata yayılır.
Bu baxımdan hər bir dövlət, o cümlədən Azərbaycan, iqtisadi artımı təmin etməli, inflyasiyanı nəzarətdə saxlamalı və milli təhlükəsizlik aspektlərini prioritet olaraq qorumağa davam etməlidir.
Elmir Heydərli
15:19 22.12.2025
Oxunuş sayı: 1835