ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvi gündəmdədir – Deputat
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə biləcək mühüm siyasi addım atılıb. ABŞ Konqresinə Azərbaycana göstərilən yardımla bağlı uzun illərdir qüvvədə olan məhdudiyyətlərin ləğvini nəzərdə tutan qanun layihəsinin təqdim edilməsi rəsmi Vaşinqtonda bu məsələyə yanaşmanın dəyişdiyini göstərir. Xüsusilə də 907-ci düzəlişin müvəqqəti dayandırılmasından sonra gündəmə gələn bu təşəbbüs Azərbaycanla ABŞ arasında əməkdaşlığın gələcək perspektivləri baxımından diqqət çəkir.
Mövzu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan–ABŞ münasibətləri yeni mərhələyə daxil olub:
“Məlum olduğu kimi, Azərbaycan–ABŞ münasibətləri yeni bir mərhələyə daxil olub. Bu gün ölkələrimiz arasında münasibətlər sürətlə inkişaf edir. Avqustun 8-də cənab Prezidentimiz İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində keçirilən görüşlər bir daha onu göstərir ki, bu gün Azərbaycan–ABŞ münasibətləri, həqiqətən də, inkişaf edir. Bu inkişafın daha da irəli getməsi üçün ciddi səylər göstərilir. Çalışılır ki, bundan sonrakı mərhələdə əlaqələr daha da gücləndirilsin”.
Deputat qeyd edib ki, cənab Prezidentin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində bu münasibətlər inkişaf edir və daha da möhkəmlənir:
“Burada sadəcə olaraq inkişafın qarşısını alan bir neçə məsələ var. Onlardan biri də 907-ci düzəlişdir. Azərbaycana qarşı mövcud məhdudiyyətlərin aradan qaldırılması ölkələr arasında əlaqələrin inkişafına ciddi töhfə verə bilər. Azərbaycana qarşı məhdudiyyətlərin ləğvi ölkələrimiz arasında əlaqələrin inkişafına ciddi töhfə verəcək. Yəni bu məhdudiyyət aradan qaldırıldıqdan sonra Azərbaycan–ABŞ münasibətləri daha da inkişaf edəcək, daha da möhkəmlənəcək və irəliləyəcək. Azərbaycanın əsas hədəfi ABŞ ilə münasibətləri daha da gücləndirmək və inkişaf etdirməkdir”.
Deputatın sözlərinə görə, bu istiqamətdə atılan addımlar mühüm əhəmiyyət daşıyır:
“Bu mənada hesab edirəm ki, belə bir sənədin imzalanması bu prosesə çox ciddi və mühüm töhfələr verəcək və əlaqələrimiz daha da irəli gedəcək, daha da inkişaf edəcək”.
Mehriban Yariyeva
14:09 13.12.2025
Oxunuş sayı: 2023