Varşava Bakı ilə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid edir
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşanın xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat xidməti məlumat yayıb.
M.Bosatski Polşa ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib, ikitərəfli iqtisadi əməkdaşlığın əhəmiyyətli potensialını qeyd edib. O, Polşa şirkətlərinin yaşıl texnologiyalar, yol tikintisi və aqrosənaye sahələrində cəlbedici həllər təklif etməyə hazır olduqlarını vurğulayıb.
Azərbaycan-Ermənistan sülh prosesinin gedişindən danışan M.Bosatski Polşanın tərəflər arasında münasibətlərin nizamlanması və sülh müqaviləsinin bağlanması istiqamətində bütün səyləri dəstəklədiyini təsdiqləyib. Onun sözlərinə görə, dayanıqlı sülh regional təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi qarşılıqlı fəaliyyətin inkişafına kömək edəcək və yeni kommunikasiya imkanları açacaq.
Görüşdə tərəflər Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərini də müzakirə ediblər. M.Bosatski Şərq tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın perspektivlərini vurğulayaraq, Azərbaycanın Avropanı Mərkəzi Asiya ilə birləşdirən nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynaya biləcəyini qeyd edib.


23:21 12.12.2025
Oxunuş sayı: 1199