Ümummilli Lider Heydər Əliyevin xatirəsi Braziliyada yad olunub
Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki,səfirlikdən verilən məlumata görə, əvvəlcə səfirlik kollektivi diplomatik missiyanın inzibati binasında Ulu Öndərin büstü qarşısına tər çiçəklər düzüb, dahi liderin əziz xatirəsini sükutla yad edib.
Daha sonra səfir Rəşad Novruz Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışıb, onun xilaskar missiyasının tarixi əhəmiyyətini vurğulayıb. Diplomat qeyd edib ki, bu gün dünyanın müxtəlif ölkələrində cərəyan edən münaqişə və ağır bəşəri sınaqlar fonunda Azərbaycanda siyasi-ictimai sabitliyin, eləcə də sosial-iqtisadi rifahın mövcudluğu məhz Ulu Öndərin müdrik siyasətinin bəhrəsidir.
Diplomat bu siyasi irsin bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, suverenliyini bərpa etmiş Azərbaycan xalqının beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi rəğbət gördüyünü nəzərə çatdırıb.(Report)

23:05 12.12.2025
Oxunuş sayı: 1078