Azərbaycançılığın dövlət siyasəti səviyyəsinə yüksəldilməsi Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi - Deputat
Bu gün – 12 dekabrda, biz təkcə bir tarixə deyil, bütün bir dövrün yaddaşına qayıdırıq. Heydər Əliyevin anım günü hər il sonsuz minnətdarlığı xatırladır. Çünki bu gün Azərbaycanın necə böyük fədakarlıq, necə dərin müdriklik və sabaha inam üzərində qurulduğunu bir daha dərk edirik. Onun siyasi irsi, qərarları və uzaqgörənliyi yalnız keçmişi deyil, bu gün yaşadığımız reallığı formalaşdıran mühüm dayaqlardır. Məhz buna görə də 12 dekabr bizim üçün sadəcə anım deyil – dövlətçilik dərsi, müstəqilliyin qiymətini xatırladan gün kimi qalır.
Milli məclisin deputatı Zaur Şükürov ümumilli lider Heydər Əliyevin daxili və xarici siyasətilə bağlı Crossmedia.az-a açıqlama verib.

O, Heydər Əliyevin daxili və xarici siyasət kursunun bu gün də ölkənin inkişaf vektorunun əsasını təşkil etdiyini bildirib: “1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi olub. O dövrdə ölkənin dağılmaq təhlükəsi aradan qaldırıldı, dövlət institutları yenidən quruldu, ordu formalaşdı. Müstəqilliyin qorunması, milli ideologiyanın sistemləşdirilməsi və Azərbaycançılığın dövlət siyasəti səviyyəsinə yüksəldilməsi məhz Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi".
Parlamentari bildirib ki, Heydər Əliyevin xarici siyasətdə apardığı balanslaşdırılmış kurs Azərbaycanın beynəlxalq nüfuzunu təmin edən əsas sütuna çevrildi: “Şərq-Qərb arasında balansı qoruyan siyasət ölkəmizə həm regional sabitlikdə rol verdi, həm də strateji tərəfdaşlıq platformalarını yaratdı. Qarabağ məsələsində onun qəti mövqeyi Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında həlledici rol oynadı".
Parlamentari xüsusilə enerji diplomatiyasının Azərbaycanın strateji yüksəlişində əvəzedilməz rol oynadığını qeyd edib: "“Əsrin müqaviləsi", Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa kimi layihələr Azərbaycanın iqtisadi təhlükəsizliyini möhkəmləndirdi, ölkəni qlobal enerji xəritəsinin mərkəzinə çevirdi. Bu addımlar həm siyasi nüfuzu artırdı, həm də uzunmüddətli, dayanıqlı iqtisadi model yaratdı. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin müasir dövrün çağırışlarına uyğun davamıdır. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, regional əməkdaşlıqdakı liderliyi və 2020-ci ildə əldə etdiyimiz tarixi Zəfər bir daha göstərdi ki, Heydər Əliyevin qoyduğu dövlətçilik əsası ən doğru yoldur. Prezident İlham Əliyev həmin xətti daha da gücləndirərək ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb. Azərbaycanın təhlükəsizliyi, sabitliyi və güclənən beynəlxalq mövqeyi Heydər Əliyev ideyalarının yaşayaraq yeni reallıqlar yaratdığını sübut edir".
Fatimə Hacıəliyeva
17:15 12.12.2025
Oxunuş sayı: 1243