Ulu Öndərin ideyaları və dövlətçilik fəlsəfəsi daim yaşayır - Deputat
Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük hörmət və minnətdarlıqla yad edir. 90-cı illərin ağır və keşməkeşli dövrlərində ölkəni dağılmaq təhlükəsindən xilas edən liderin müdrik siyasəti sayəsində müstəqil və güclü Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin bərpası və inkişafında oynadığı tarixi rol ölkə boyu keçirilən anım tədbirlərində bir daha vurğulanır.

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Milli Məclisin deputatı Naqif Həmzəyev Crossmedia.az-a müsahibəsində bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və banisidir: "Məhz onun ikinci dəfə hakimiyyətə qayıdışı sayəsində biz bu gün müstəqil Azərbaycanın uğurlarından və zəfərlərindən danışa bilirik. 90-cı illərin əvvəllərində ölkə son dərəcə ağır və çətin bir dövr yaşayırdı. Sovet İttifaqının dağılmasının ardından müstəqilliyimizi bərpa etsək də, dövlətçiliyimizin ilk illəri heç də asan keçmədi. AXC–Müsavat hakimiyyətinin səriştəsiz idarəetməsi nəticəsində torpaqlarımızın işğalı, Xocalı faciəsi və Gəncədə baş verən qardaş qırğını ölkəni uçuruma aparan hadisələrin kulminasiya nöqtəsi oldu. Azərbaycan demək olar ki, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev yenidən Bakıya dəvət olundu. O, ilk olaraq Gəncədə baş verən qardaş qırğınının qarşısını aldı, Ali Sovetin sədri seçildi və prezident səlahiyyətlərini icra etməyə başladı. Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində Azərbaycan həmin çətin vəziyyətdən çıxmağa başladı. Onun rəhbərliyi ilə ölkə iqtisadiyyatı yenidən formalaşdırıldı, dövlət idarəçiliyində mühüm islahatlar həyata keçirildi, xarici siyasətdə balanslı və praqmatik xətt quruldu. Regionda Azərbaycanla bağlı təzyiqlər müəyyən qədər azaldı. 1994-cü ildə atəşkəsə nail olunması ölkənin sabitliyə qayıtmasında mühüm dönüş nöqtəsi oldu. Heydər Əliyevin rəhbərliyi ilə torpaq islahatı həyata keçirildi və torpaqların kəndlilərə verilməsi sosial-siyasi sabitliyin möhkəmlənməsinə mühüm töhfə verdi. Bir sözlə, Azərbaycan uçurumun kənarından geri döndü və yenidən qurulan müstəqil, sabit bir dövlətə çevrildi. Təəssüf ki, Ulu Öndərə bütün arzularını özünün reallaşdırmaq qismət olmadı. Lakin onun müəyyən etdiyi strateji inkişaf xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Heydər Əliyevin ən böyük arzularından biri olan Qarabağın işğaldan azad edilməsi həyata keçdi".
O bildirib ki, bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biri kimi çıxış edir və ölkəmizin iştirakı və razılığı olmadan bölgədə heç bir beynəlxalq layihə reallaşa bilmir: "Dünya liderləri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti yüksək qiymətləndirirlər. Bu siyasətin təməlində isə Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik strategiyası dayanır. Ulu Öndər cismən aramızda olmasa da, onun ruhu, ideyaları və dövlətçilik fəlsəfəsi daim yaşayır. Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaq”.
Sevinc Sultanlı
17:11 12.12.2025
Oxunuş sayı: 1122