Düşmən təşvişdə: Türkiyə və Azərbaycan hərbçiləri yenidən bir araya gəldi
Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində hər iki ölkənin mütəxəssisləri elektron naviqasiya sistemləri və S-101 ENC xəritələrinin hazırlanması, hidroqrafik məlumatların toplanması və emalı, eləcə də S-100 standartları çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı məsələlərini müzakirə ediblər. Bu əməkdaşlıq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin əməliyyatlarda təhlükəsizliyi və peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara uyğun naviqasiya məlumatlarının hazırlanması və təcrübə mübadiləsinin genişləndirilməsinə imkan verəcək.
Bu barədə Crossmedia.az-a açıqlama verən Emin Həsənli bildirib ki, Türkiyə və Azərbaycan silahlı qüvvələri bir çox sahələrdə əməkdaşlıq edir.
"Biz Şuşa bəyannaməsindən sonra əməkdaşlığı daha da dərinləşdirmişik. Həm Hava Hücumundan müdafiə sistemləri, həm quru qoşunları, həm də Hərbi Dəniz Qüvvələri ilə birgə daha böyük təlimlər, tədbirlər həyata keçirilir . Müdafiə qabiliyyətinin daha da güclənməsi üçün tədris proqramları həyata keçirilir və yeni müasir texnologiyalara uyğun silahların və texnikaların hazırlanması üçün birgə addımlar atılır".
Ekspert Hərbi Dəniz Qüvvələri sahəsində də əməkdaşlığın bu ümumi işlərin tərkib hissəsi olduğunu vurğulayıb: "Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas məqsədlərdən biri də budur ki, ordumuz müasir standartlara uyğun yeni silahlarla təmin edilsin. Bildiyimiz kimi, son illər dünyada hərbi büdcələr artıb və daha da artır. Yeni texnologiyalar tez-tez ixtira olunur. Yəni Azərbaycan çalışır ki, Hava, dəniz və quru sərhədlərinin qorunması üçün mütamadi addımlar atsın. Gələcəkdə də bu addımlar davamlı olaraq atılacaq. Hər bir ölkənin təhlükəsizliyinə nail olmaq üçün güclü ordusu olmalı, qoşun növləri güclü silah və texnikalarla təmin edilməlidir".
Fatimə Məmmədova
15:36 12.12.2025
Oxunuş sayı: 1146