Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr etdi - Deputat
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Bu gün bütün dünya azərbaycanlıları məhz onun– ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edir.

Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Crossmedia.az-a açıqlama verən deputat Ceyhun Məmmədov onun Azərbaycan tarixindəki misilsiz rolunu və xidmətlərini vurğulayıb. Deputat, Heydər Əliyevin həm Sovet dövründə, həm də müstəqillik illərində xalqımızın rifahı üçün gördüyü böyük işlərin əhəmiyyətindən danışıb.
Ceyhun Məmmədov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində iz buraxmış ən dəyərli şəxsiyyətlərdən biridir. O əlavə edib ki, Ulu Öndər bütün həyatını Azərbaycanın rifahına və inkişafına həsr etmiş tarixi şəxsiyyətdir.
Deputat sovet dövründəki çətinliklərə rəğmən Ulu Öndərin uğurlarını xatırladaraq bildirib ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan aqrar dövlətdən bütün sahələrdə böyük tarixi uğurlara imza atmış ölkəyə çevrilmişdir. "Bu dövrdə təhsil sahəsində atılan addımlar xüsusilə önəmlidir, belə ki, 15 minə yaxın azərbaycanlı gənc xaricdə təhsil almaq üçün ittifaq respublikalarının 170 ali məktəbinə göndərilmişdir. Həmçinin hər il 800 azərbaycanlı xaricə təhsil almaq üçün yola salınırdı. Onun dövründə ölkədə ali məktəblərin sayı 12-dən 17-ə yüksəldi və eyni zamanda 800 yeni orta məktəb inşa olundu". Deputat onu da vurğulayıb ki, bu gün Bakıda gördüyümüz abidələrin və heykəllərin əksəriyyəti məhz onun dövründə ucaldılmışdır.
Deputat müstəqillik dövründə Heydər Əliyevin xidmətlərindən, Azərbaycanı bölünməkdən xilas edərək yeni mərhələyə, inkişaf dövrünə qədəm qoymasından bəhs etdi. O, əlavə edib ki, biz onun necə fədakarcasına Azərbaycan üçün çalışdığını unutmuruq və unutmayacağıq:
"Ulu Öndər bütün həyatını Azərbaycanın inkişafına və iqtisadi baxımdan çiçəklənməsinə həsr etmişdir, bugünkü qələbələrimizin və uğurlarımızın təməli məhz onun tərəfindən qoyulmuşdur".
C. Məmmədov Heydər Əliyevin ən böyük xidmətlərindən birinin İlham Əliyev kimi tarixi şəxsiyyətin yetişdirilərək Azərbaycana bəxş edilməsi olduğunu vurğulayıb. Deputat xatırladıb ki, Ulu Öndər hər zaman torpaqlarımızın işğaldan azad olunacağını deyirdi. O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev onun bu arzusunu həyata keçirmiş, ata vəsiyyətini yerinə yetirmişdir. "Prezident İlham Əliyev Azərbaycanı böyük uğurlara doğru inamla aparmış, ölkəni daha da güclü, daha da inkişaf etmiş uğurlu dövlətə çevirmiş və qələbələrə inamla aparmışdır",- deyə o vurğulayıb.
Sonda deputat Allahdan Ulu Öndərə rəhmət diləyib və qeyd edib ki, illər keçsə də, Azərbaycan xalqı onu unutmayacaq və dərin minnətdarlıqla anacaqdır.
Nigar Yahyazadə
09:30 12.12.2025
Oxunuş sayı: 1598