Yeni Konsepsiya məhkəmə sahəsində insan faktorundan asılılığı ciddi şəkildə azaldacaq - Hüquqşünas
Azərbaycanda məhkəmə ekspertizasının inkişafını əhatə edən 2026–2030-cu illər üçün yeni Konsepsiya rəsmən təsdiqlənib. Sənədə əsasən, Nazirlər Kabinetinə konsepsiyada yer alan tədbirlərin həyata keçirilməsini koordinasiya etmək, icrasına nəzarəti təmin etmək və görülən işlərlə bağlı ildə bir dəfə dövlət başçısına hesabat təqdim etmək tapşırılıb. Həmçinin, Konsepsiyada müəyyən edilən tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Ədliyyə Nazirliyinin sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq.
Konsepsiyanın mahiyyəti ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlama verib. Bildirib ki, bu strateji sənəd məhkəmə ekspertizasının fəaliyyətini modernləşdirmək, beynəlxalq standartlarla uzlaşdırmaq və sahədə effektiv idarəetmə mexanizmləri yaratmaq məqsədini daşıyır: ‘’Yeni konsepsiya bəzi əsas vəzifələrə yönəlib:

* Məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin və tənzimlənməsinin təkmilləşdirilməsi, həmçinin bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılması.
* Normativ hüquqi bazanın yenilənməsi və müasir çağırışlara cavab verə biləcək şəkildə təkmilləşdirilməsi.
* Dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası ilə vahid informasiya sistemi yaradılması planlaşdırılır ki, bu da məhkəmə ekspertizası fəaliyyətində şəffaflığı və səmərəliliyi artıracaq.
Sənədə əsasən, məhkəmə ekspertizası sahəsində rəqəmsal transformasiya xüsusi önəm daşıyır. Bu çərçivədə informasiya sistemlərinin inteqrasiyası, dövlət qurumlarının elektron resurslarının bu platformaya qoşulması və müasir texnologiyaların tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, sahədə süni intellekt və yeni proqram təminatlarından istifadə imkanlarının araşdırılması planlaşdırılır ki, bu da ekspertizaların dəqiqliyini artırmaqla yanaşı, insan faktorundan asılılığı azalda bilər’’.
Hüquqşünas vurğulayıb ki, yeni konsepsiya həmçinin özəl məhkəmə ekspertizası institutlarının yaradılmasını və tətbiqini nəzərdə tutur: ‘’Bu addım məhkəmə ekspertizasında alternativliyin təmin edilməsinə, xidmətlərin əlçatanlığının artmasına və rəqabət mühitinin genişlənməsinə xidmət edəcək.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Nazirlər Kabinetinə tapşırılıb. Hər il bu tədbirlərin həyata keçirilməsi haqqında prezidentə hesabat verilməlidir. Məcburi tədbirlərin monitorinqi və qiymətləndirilməsi isə Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Sənəd çərçivəsində kadr hazırlığına diqqət artırılacaq, məhkəmə ekspertizası ixtisası üzrə tələb olunan baza təhsili sahələrinin müəyyənləşdirilməsi və peşəkar kadrların cəlb olunması üzrə tədbirlər görüləcək. İş yükünün və beynəlxalq təcrübənin nəzərə alınması ilə ştat vahidlərinin artırılması və əməkhaqlarının yüksəldilməsi də planlaşdırılır.
Bu beşillik konsepsiya məhkəmə ekspertizası sahəsində genişmiqyaslı islahatların başlanğıcı kimi qiymətləndirilir. Yeni sistemlərin tətbiqi, hüquqi bazanın modernləşdirilməsi, özəl sektorun cəlb edilməsi və rəqəmsallaşma ilə bağlı addımlar Azərbaycanın ədalət sisteminin daha şəffaf, effektiv və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaqdır’’.
Sevinc Yarməmmədova
09:16 12.12.2025
Oxunuş sayı: 1511