907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ münasibətlərində yeni dövr açır - Politoloq
ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir və bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Luna bu addımın ABŞ-ın regional siyasətdə daha çevik hərəkət etməsinə imkan yaradacağını qeyd edib. Onun sözlərinə görə, hazırkı məhdudiyyətlər mövcud reallıqlara uyğun deyil və tərəfdaşlıq əlaqələrinə əngəl törədir. Konqressmen həmçinin vurğulayıb ki, Azərbaycanın enerji təhlükəsizliyi, regional stabillik və antiterror sahəsində ABŞ üçün strateji tərəfdaş olması nəzərə alınaraq, 907-ci düzəlişin saxlanması məqsədəuyğun deyil. O, əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək.
Mövzu ilə bağlı politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlama verib. Bildirib ki, 907-ci düzəliş Azərbaycana qarşı olmaqla yanaşı, eyni zamanda çox ədalətsiz və Azərbaycanın hüquqlarını tapdalayan, onu ayaqlar altına atan bir düzəliş idi: ‘’Və nəzərə alınsa ki, bu müddət ərzində Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalmışdı, belə bir düzəliş dolayısıyla işğala qarşı mübarizəni və haqlı mübarizəni qismən də olsa məhdudlaşdıran bir akt idi. Mövzuya keçmədən öncə onu da qeyd edim ki, prezident İlham Əliyevin Vaşinqtonda keçirdiyi ən önəmli görüşlərdən biri də məhz 907-ci düzəlişin ləğvi məsələsi idi, ən azından bu istiqamətdə atılan addımlar idi. Amma təəssüf ki, bu məsələ Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin, bəndlərin imzalanması və paraflanması məsələsi fonunda kölgədə qaldı. Bir o qədər bu məsələnin üzərində dayanılmadı. Ümumilikdə isə bu məsələ ən azı sülh gündəliyi qədər önəmli idi, lakin təəssüf ki, ölkə mediasında kifayət qədər qabardılmadı. Bəs bu, Azərbaycana nə verəcək? Təbii ki, nəticələri tam olaraq gözlənilir. Onun ləğvi, yəni tam olaraq ortadan qaldırılması ilk növbədə Azərbaycana qarşı tətbiq olunan silah embarqosunun götürülməsi deməkdir’’.
Politoloq qeyd edib ki, Azərbaycanın bu gün silah aldığı bəlli ölkələr var - Türkiyə, İsrail və öz istehsalımızın artması da müsbət haldır: ‘’Amma digər tərəfdən, embarqonun aradan qalxması Azərbaycanı silah alma məhdudiyyətindən azad etmiş olacaq. Bu isə hər bir dövlət kimi Azərbaycanın da ən müasir silahlarla təchiz olunmaq haqqıdır. Çünki sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Yanlış anlaşılmasın, bu o demək deyil ki, Azərbaycan müharibəyə hazırlaşır, amma ölkənin öz təhlükəsizliyini təmin etmək üçün müasir silahlanma haqqı var. Ərəb dövlətləri qədər, ABŞ-ın digər müttəfiqləri qədər Azərbaycan da bu müttəfiqlikdən payını almalıdır. Bu bir həqiqətdir. Bu baxımdan atılan addım olduqca müsbət qarşılanmalıdır və qarşılanır. Təbii ki, nəticələri gözləmək lazımdır. Real nəticənin bir neçə həftə və ya ilin sonuna qədər əldə olunması çətin görünür. Çünki bütün bunlarla yanaşı, Birləşmiş Ştatlarda Azərbaycan əleyhinə fəaliyyət göstərən lobbilər və beynəlxalq maliyyə institutları hələ də erməni lobbisinin təsiri altındadır. Bu baxımdan, yolumuza davam etməliyik və nəticələri görəcəyik’’.
Sevinc Yarməmmədova
14:13 11.12.2025
Oxunuş sayı: 1430