İqtisadi Şura və AİH Müşahidə Şurası SOCAR-ın layihə və inkişaf perspektivlərini müzakirə edib
Bu gün İqtisadi Şura və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) birgə iclası keçirilib.
Crossmedia.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, Baş nazir, İqtisadi Şuranın və AİH-in MŞ-nın sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda SOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, şirkətin həyata keçirdiyi layihələr və onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov və AİH-nin Baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.
Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in MŞ-nın üzvləri müzakirələr aparıb. İclasın yekununda Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib.
17:25 10.12.2025
Oxunuş sayı: 1093