Azərbaycan Qəzzaya qoşun göndərir?- Mühüm açıqlama
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun “Azərbaycan hərbçilərinin Qəzzada iştirakı ilə bağlı yekun qərar yoxdur” açıqlaması regionda davam edən müzakirələr fonunda xüsusi diqqət çəkir. Qəzza böhranı ilə bağlı beynəlxalq platformalarda Azərbaycanın adının keçməsi isə ölkəmizin artan nüfuzunu və sülhməramlı təcrübəsini bir daha gündəmə gətirir. Bu baxımdan, gələcəkdə Azərbaycan hərbçilərinin sülhməramlı missiyada iştirak edib-etməyəcəyi sualı həm regional sabitlik, həm təhlükəsizlik, həm də diplomatik balans kontekstində ciddi müzakirə mövzusu olaraq qalır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlama verib:
"Azərbaycanın çox ciddi və geniş təcrübəsi var. Bizim sülhməramlı qüvvələrimiz Əfqanıstanda son günə qədər xidmət göstəriblər və bu xidmətləri yüksək səviyyədə həyata keçiriblər. NATO qüvvələri ilə birgə, türk əsgərləri ilə çiyin-çiyinə, dünyanın müxtəlif bölgələrində ölkəmizin mühüm təcrübəsi formalaşıb. Bu fəaliyyət İraqda və digər bölgələrdə də davam etdirilib. Ümumiyyətlə, Azərbaycan donor ölkə kimi həm humanitar yardım göstərir, həm də inkişaf proqramları həyata keçirir. Bu günə qədər 40-dan çox ölkəyə yardım etmişik. Qəzza məsələsinə gəldikdə isə orada hələ tam sabitlik bərqərar olunmayıb. Buna görə biz öz əsgərlərimizin təhlükəsizliyini də düşünməliyik. Yəni müəyyən beynəlxalq mandat olmalıdır, situasiya tam aydınlaşmalıdır. Hazırda bu aydınlıq olmadığı üçün Azərbaycan gözləmə mövqeyindədir".
Deputat qeyd edib ki, bununla belə Azərbaycan həmin prosesdə ən etibarlı tərəfdaşlardan biri ola bilər: "Çünki bizim həm müsəlman dünyası ilə, həm də İsraillə yaxşı əlaqələrimiz var. Hər iki tərəf Azərbaycana böyük etibar edir".
21:15 09.12.2025
Oxunuş sayı: 1409