Norveç analitiki: Rusiya dron istehsalında qlobal liderliyə hazırlaşır
Norveç Hərbi Tədqiqatlar İnstitutunun analitiki Patrisiya Marins Rusiyanın dron sənayesində sürətlə artan ambisiyalarını analiz edərək bildirib ki, Moskva mövcud münaqişəni pilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı gələcəyini formalaşdırmaq üçün sınaq meydançasına çevirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Marinsə görə, Rusiya 2035-ci ilə qədər ildə 400–500 min uzunmənzilli dron istehsal etməyi hədəfləyir və bunun üçün qarşıdakı beş ildə on milyardlarla dollar investisiya ayırır. Uzunmüddətli hesablamalara əsasən, son illərdə ölkənin hərbi-sənaye kompleksinə qoyduğu sərmayə ümumilikdə 1 trilyon dollara yaxınlaşır.
O bildirib ki, Tatarıstandakı Alabuqa Xüsusi İqtisadi Zonası bu strategiyanın mərkəzində dayanır və hazırda dünyanın ən böyük dron istehsal mərkəzi hesab olunur. Burada aylıq 5 min Geran-2 kamikadze dronu istehsal edilir, kompleks isə səkkiz istehsal binası, 40 min işçi üçün yataqxanalar və dron limanı ilə genişləndirilir. Ümumilikdə, bu sənayenin 2035-ci ilə qədər 900 min–1,2 milyon yeni iş yeri yaradacağı proqnozlaşdırılır.
Rusiyanın digər regionlarında da istehsal gücü artırılır. Xabarovskdakı Aero-HIT 2025-ci ilin sonunadək aylıq istehsalını 10 min ədədə çatdırmağı hədəfləyir. İjevsk, Sankt-Peterburq və Samara kimi mərkəzlər də illik minlərlə dron və komponent istehsal edir. Tomsk, Kemerovo və Rudnevo isə mühərrik, batareya və texnoloji startaplara yönəlik investisiyalara liderlik edir.
Marins qeyd edir ki, Ukraynadakı müharibə Rusiya üçün real döyüş sınaqları və effektiv təbliğat imkanları yaradaraq PUA texnologiyalarında – sürü idarəetməsi, rabitə, navigasiya və müdafiə sistemlərindən yayınma sahələrində – sürətli irəliləyişə səbəb olub.
Analitikin fikrincə, ruslar yaxın gələcəkdə ənənəvi ağır texnikaya tələbatın azalacağını və dronların döyüş meydanına tam hakim olacağını düşünür. Bu məqsədlə Moskva qlobal silah bazarında itirdiyi mövqeləri bərpa etmək üçün geniş infrastruktur qurur.
O əlavə edib ki, Avropa ölkələri müdafiə və enerji sahələrinə investisiyaları əhəmiyyətli dərəcədə artırsa belə, Rusiyanın hazırkı hərbi istehsal səviyyəsinə çatmaq üçün təxminən 5–10 il tələb olunacaq. Bunun səbəbi yüksək xərclər, təchizat zəncirinin çatışmazlığı və yerli istehsalın qurulmasının vaxt aparmasıdır. Üstəlik, Avropa istehsalı avadanlıqların qiyməti Rusiyanın analoji silahlarından 2–4 dəfə daha bahadır.
Marins vurğulayıb ki, NATO ölkələrində sursat ehtiyatları, o cümlədən TNT kimi əsas maddələrin azalması Avropanın qarşıdakı illərdə böyük miqyaslı dron və raket istehsalı potensialını məhdudlaşdırır.
18:40 23.11.2025
Oxunuş sayı: 4137