Avropa Trampın planına qarşı öz təkliflərini təqdim etdi
Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planına alternativ sənəd hazırlayaraq Cenevrədə keçirilən danışıqlara təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, avropalılar təklif paketində Ukrayna Silahlı Qüvvələrinə hər hansı məhdudiyyət qoyulmasının yolverilməz olduğunu bildiriblər. Onların fikrincə, Kiyevin müdafiə qabiliyyətini zəiflədən hər bir məhdudiyyət ölkəni daha da həssas vəziyyətə sala bilər.
Sənəddə həmçinin Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına və Kaxovka bəndinə nəzarətinin bərpa edilməsinin vacibliyi vurğulanır. Avropa tərəfi Kiyevin Dnepr çayı boyunca maneəsiz keçidlərə sahib olmalı olduğunu, eləcə də Kınburn ərazisində tam nəzarəti bərpa etməsinin zəruri olduğunu qeyd edib.
Avropanın əks-təkliflərində ərazi mübahisələrinin yalnız atəşkəs əldə edildikdən sonra müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu yanaşma Ukraynanın atəşkəs naminə Donbasdan qoşunlarını çıxarmağa məcbur edilməməsi deməkdir.
Nigar Yahyazadə
12:17 23.11.2025
Oxunuş sayı: 3153