ABŞ Səudiyyəyə məhdud F-35 satışını təsdiqləyib
ABŞ administrasiyası Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına prinsipial razılıq verib. Lakin ABŞ qanunvericiliyi İsrailin regiondakı “keyfiyyət üstünlüyünün” qorunmasını tələb etdiyindən, Səudiyyəyə təqdim olunacaq təyyarələr İsrail Hərbi Hava Qüvvələrinin istifadəsində olan modellərlə müqayisədə zəiflədilmiş versiyada olacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyəyə veriləcək F-35-lər İsrail təyyarələrində mövcud olan ən qabaqcıl silah sistemlərini, elektron müharibə imkanlarını və yeni nəsil AIM-260 raketlərini daşımayacaq. Bu addım ABŞ-nin Yaxın Şərqdə hərbi balansı qoruma siyasəti ilə izah olunur.
Bununla belə, İsrail tərəfi satışa qarşı çıxmaqda davam edir. İsrailin artıq səkkiz ildir F-35-ləri istismar etməsinə və daha çox sayda belə təyyarəyə sahib olmasına baxmayaraq, rəsmi Tel-Əviv bu satışın regional təhlükəsizliyə mənfi təsir göstərə biləcəyini bildirir.
ABŞ rəsmiləri vurğulayırlar ki, satışla bağlı yekun texniki detallar üzərində danışıqlar davam edir və hər hansı addım İsrailin təhlükəsizlik maraqlarına uyğun şəkildə atılacaq.
23:04 22.11.2025
Oxunuş sayı: 3204