Avropa liderləri: Ukraynaya dair 28 maddəlik sülh planı təkmilləşdirilməlidir
G20 sammiti çərçivəsində keçirilən təcili görüşdən sonra Avropa liderləri Ukrayna məsələsinə dair birgə bəyanatla çıxış ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda ABŞ-ın Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi səylər yüksək qiymətləndirilib. Avropa liderləri bildiriblər ki, Vaşinqtonun təqdim etdiyi 28 maddəlik sülh planının ilkin layihəsi ədalətli və davamlı sülh üçün vacib elementləri özündə ehtiva edir və bu səbəbdən sənədin daha da təkmilləşdirilməsinin vacib olduğu vurğulanıb.
Bəyanatda qeyd olunur ki, gələcək sülhün davamlılığının təmin edilməsi üçün Avropa ölkələri bir-biri ilə sıx məsləhətləşmələrə hazırdır. Liderlər xüsusilə sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qaldıqlarını bildiriblər. Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinə tətbiq olunması nəzərdə tutulan məhdudiyyətlərin ölkəni gələcək hücumlara qarşı həssas edə biləcəyi ilə bağlı narahatlıqlar ifadə edilib.
Avropa İttifaqı və NATO ilə bağlı məsələlərin isə yalnız müvafiq qurumların üzvlərinin razılığı əsasında həyata keçirilə biləcəyi xüsusi vurğulanıb.
Liderlər bəyanatda Ukraynaya sarsılmaz dəstəklərini bir daha ifadə edərək yaxın günlərdə həm Ukrayna, həm də ABŞ ilə sıx əlaqələrin davam etdiriləcəyini bildiriblər.
22:11 22.11.2025
Oxunuş sayı: 3210