Ermənistan silahlı qüvvələri Gürcüstanı qabaqlayır
“Global Firepower” tərəfindən hazırlanan ən son reytinqə görə, Ermənistan Silahlı Qüvvələri 2.0373 bal göstəricisi ilə dünyada 90-cı yerdədir. Reytinqdə mümkün ən yaxşı göstərici 0.0000-dır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Global Firepower” 145 ölkənin ordularını 60 göstərici üzrə müqayisə edir. Buraya avadanlıq və şəxsi heyətin sayı, maliyyə vəziyyəti, resurslara çıxış və digər amillər daxildir. Hərbi güc yalnız ordunun ölçüsü ilə deyil, həmçinin aktivlər – gəmilər, təyyarələr, müdafiə büdcəsi və təbii ehtiyatlara çıxış imkanları ilə müəyyən olunur.
Reytinqdə Birləşmiş Ştatlar ən böyük müdafiə büdcəsi və geniş hərbi-texniki arsenal sayəsində birinci, Rusiya güclü artilleriyası və çoxhədəfli raket sistemləri ilə ikinci, Çin isə dəniz qüvvələrinin gücü ilə üçüncü yerdədir. Hindistan dördüncü, Cənubi Koreya beşinci, Böyük Britaniya altıncı, Fransa yeddinci, Yaponiya, Türkiyə və İtaliya isə onları izləyir.
Qonşu ölkələr arasında Ermənistan yalnız Gürcüstanı (94-cü yer) qabaqlayır. Digər qonşular isə Azərbaycan 60-cı, İran 16-cı, Türkiyə 9-cu yerdə qərarlaşıb.
20:54 14.11.2025
Oxunuş sayı: 1778