“The Diplomat”: Azərbaycanın inkişaf etmiş nəqliyyat sistemi var və bu olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil
Noyabrın 6-da Mərkəzi Asiya respublikalarının prezidentləri Vaşinqtonda Amerika Prezidenti Donald Tramp ilə görüşəcəklər. C5+1 formatında keçiriləcək sammitdə əhatəli məsələlər müzakirə olacaq. Cənubi Qafqaz respublikalarının, xüsusilə də Azərbaycanın bu sammitə qatılması ABŞ-ın Avrasiyaya daha dərin nüfuz etməsinə geniş imkanlar yaradar. Bu fikir ABŞ-da nəşr olunan “The Diplomat” analitik jurnalında dərc olunan “ABŞ və Mərkəzi Asiya: C5+1 nədir?” sərlövhəli məqalədə yer alıb.
Materialda qeyd olunur ki, bu formatda indiyə kimi belə yüksək səviyyədə görüş keçirilməyib. Mərkəzi Asiya respublikaları nadir yer metalları, enerji və su resursları ilə olduqca zəngin bir regiondur. ABŞ-ın bu regiona nüfuz etməsi buradakı dövlətlərin Çin, Rusiya və Avropa İttifaqı arasında balanslaşdırılmış siyasət yürütmələrinə böyük imkanlar yaradacaq. Buradakı faydalı qazıntıları həyata keçirmək üçün ABŞ-ın texnologiyasına və sərmayəsinə böyük ehtiyac var. Yataqların işlənilməsi və dünya bazarına çıxarılması tərəflərin iqtisadi maraqları ilə yanaşı siyasi maraqlarını da təmin edər. Mərkəzi Asiya respublikalarının Qərb bazarlarına çıxışı isə yalnız Azərbaycan vasitəsi ilə mümkündür. Xəzər dənizinin Azərbaycan sahilində yerləşən Ələt dəniz limanı Qərb bazarlarına çıxışı təmin edən yeganə vasitədir. Azərbaycan Orta Dəhlizin inkişafı üçün geniş infrastruktur layihələr həyata keçirib və tranzit yükdaşımaları üçün əhatəli dəmir yoluna malikdir.
Materialda nəzərə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev regional zirvə görüşlərində fəal iştirak edir, genişlənən Mərkəzi Asiya məkanının ayrılmaz hissəsi kimi Bakının imicini formalaşdırır. Azərbaycanın inkişaf etmiş nəqliyyat və enerji kommunikasiyaları sistemi var və bu sistem olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil. Məhz buna görə də amerikalı analitiklərin fikrincə, Azərbaycanın C5+1 formatına daxil edilməsi geosiyasi reallığın tanınması olardı: axı, Mərkəzi Asiya ilə Qərb arasında əsas enerji və ticarət yolları Bakıdan keçir. Belə genişlənmə formatın enerji və investisiya potensialını artıracaq və ona real strateji dərinlik verəcək. Buna görə də Vaşinqton üçün Azərbaycanın müşahidəçi statusu və ya genişləndirilmiş “C6+1” konfiqurasiyasında iştiraka cəlb etməsi daha məntiqli addım ola bilər.
Məqalədə deyilir ki, xüsusi əhəmiyyət kəsb edən layihə Ermənistanı Orta Dəhlizə birləşdirəcək və Transxəzər yük daşımalarının həcmini iki dəfədən çox artıracağı proqnozlaşdırılan Zəngəzur Dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) layihəsidir. Bu təşəbbüsün həyata keçirilməsi təkcə Azərbaycan və Ermənistan arasında sülhü gücləndirməklə yanaşı, həm də bütün regionun davamlı inkişafı üçün iqtisadi stimul yaradacaq.
Məsələyə daha əhatəli baxılsa, ABŞ C8+1 formatı da təsis edə bilər ki, burada Mərkəzi Asiyanın 5 və Cənubi Qafqazın 3 dövləti daxil olar. Belə format Amerikaya Avrasiya regionunda daha üstün mövqe qazandırar. (Azərtac)
07:57 05.11.2025
Oxunuş sayı: 1589