Azərbaycan Prezidenti: Bu gün güc amili dünyada aparıcı amildir
Təbiidir ki, bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür.
Crrossmedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.
"Yəni, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu barədə məlumatlandırılır və bir çox vətəndaşlarımız artıq azad edilmiş torpaqlara gediblər. Dəfələrlə orada olublar və gedən inkişafı öz gözləri ilə görürlər. Yəni, bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir. Güclü hərbi potensialı yaratmaq üçün imkan verir. Çünki yenə də demək istəyirəm ki, bu gün dünyada qaydalar tamamilə dəyişib. Beynəlxalq təşkilatlar, yəni, onların bir çoxu iflic vəziyyətindədir. Onların qərarları icra edilmir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il icra edilməmişdir. Əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, hələ bundan sonra 100 il də icra edilməyəcəkdi. Beynəlxalq təşkilatların nüfuzu böyük dərəcədə aşağı düşüb. Bu gün güc amili dünyada aparıcı amildir. Yəni, bugünkü dünya budur və belə olan halda təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir. Əlbəttə ki, güclü iqtisadiyyat, maliyyə resursları olmadan bunu əldə etmək mümkün olmayacaq", - Azərbaycan Prezidenti qeyd edib.
14:07 03.11.2025
Oxunuş sayı: 1407