Avropalı ravvinlərin Bakıda keçiriləcək konfransı ləğv olunub
Avropa Ravvinləri Konfransı (CER) gələn ay Bakıda keçirilməsi planlaşdırılan toplantını təhlükəsizlik səbəblərinə görə ləğv edib.
Crossmedia.az “Ynet News”a istinadən xəbər verir.
3–6 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan tədbirdə Avropa, İsrail, ABŞ və digər ölkələrdən təxminən 600 nəfərin — ravvinlərin, dini liderlərin, siyasətçilərin və ictimai xadimlərin iştirakı gözlənilirdi. Konfransda İsrailin baş ravvinləri David Yosef və Kalman Ber, eləcə də hökumət üzvləri — diaspor və antisemitizm məsələləri üzrə nazir Amixay Şikli və irs məsələləri üzrə nazir Amixay Eliyahu iştirak etməli idi.
Bu ilin əvvəlində yayılan bəyanatda Avropa Ravvinləri Konfransı tədbiri “müsəlman ölkəsində keçiriləcək ilk irimiqyaslı ravvinlər görüşü” kimi xarakterizə etmiş və onu “krizis, münaqişə və dezinformasiya dövrlərində belə əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq dəyərlərin mümkünlüyünü göstərən canlı nümunə” adlandırmışdı.
Konfrans Azərbaycan hökumətinin dəvəti ilə keçirilməli və müasir dünyada yəhudi icmalarının həyatına dair problemlərin və perspektivlərin müzakirəsinə həsr olunmalı idi.
Təhlükəsizlik problemlərinin xarakteri və tədbirin başqa tarixə keçirilib-keçirilməyəcəyi barədə hələlik məlumat verilməyib.
Günel Verdiyeva
16:27 27.10.2025
Oxunuş sayı: 1897