Bərdə faciəsinin 5 ili:Qarayusifli kəndinə raket hücumu xatırlanır - Deputat
2020-ci il oktyabrın 27-də, İkinci Qarabağ müharibəsinin gərginlik dolu günlərində, Bərdə rayonunun cəbhə zonasından uzaqda yerləşən Qarayusifli kəndi gözlənilməz bir terrorla sarsıldı. Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketləri dinc sakinlərin həyatına zülm gətirdi. Hücum nəticəsində bir neçə günahsız insan həyatını itirdi, 13 nəfər ağır yaralandı, evlər dağıldı və minlərlə insanın gündəlik həyatı darmadağın oldu. Bu acı hadisə, yalnız maddi ziyanın deyil, həm də insan ruhuna vurulan dərin yara idi.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızının fikrincə,çağdaş Azərbaycan dövlətçilik tarixində xalqımız dəfələrlə terrorla üzləşib:
“Əslində elə 20 Yanvarda baş verən hadisələrin də bir çoxu terror xarakteri daşıyır. Metro partlayışı, opera və balet teatrında baş verən hadisələr, eləcə də digər bir sıra terror aktlarının kökündə də eyni məsələ dayanır.”
M.İbrahimqızının bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyinə yenidən qovuşduqdan,dövlət müstəqilliyi bərpa olunduqdan sonra 2020-ci ilə qədər xalqımız həm təcavüz, həm də bir sıra terror hadisələri ilə üzləşib:”Ümumiyyətlə, dünyanın hansı bölgəsində işğal və təcavüz baş verirsə, orada terror hadisələrinin də baş verməsi mümkündür. Bu mənada təcavüzkar Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, 1987–1991-ci illərdə 300 minə yaxın soydaşımızın qovulması bir sıra terror hadisələrinin başlanğıcını təşkil edib.
Məsələn, Xocalı həm terror, həm təcavüz, həm də soyqırımı və qətliam hadisəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, 2020-ci ildə başlayan Vətən müharibəsi dövründə də Azərbaycan xalqı bir neçə terror hadisəsi yaşayıb. Onlardan biri Bərdədir, həmçinin Tərtərdə və Gəncədə də böyük terror hadisələri baş verib. 44 günlük Vətən müharibəsi müddətində bir neçə terror cəhdinin şahidi olunsa da, Azərbaycan Ordusu və hüquq mühafizə orqanları onun qarşısını sarsılmaz şəkildə alıb.”
“Möhtərəm Prezidentimiz, 44 günlük Vətən müharibəsindən ötən 5 il ərzində, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlar verilsə də, hər çıxışında Azərbaycanın işğala, terrora məruz qalmasını unutmamaq barədə mesaj verir. Prezidentimiz türkdilli dövlətlərin 12-ci sammitində, Qəbələdəki çıxışında, həmçinin Kəlbəcərin işğaldan azad olunmasının 5 illiyi münasibətilə keçirilən tədbirlərdə bu fikirləri dəfələrlə səsləndirib.
Azərbaycan xalqı heç vaxt qan yaddaşından bu hadisələri silməyəcək, işğalı, deportasiyaları və terror aktlarını unutmayacaq. Dövlət səviyyəsində bu hadisələrin unudulmaması üçün ciddi işlər görülür.”-həmsöhbətimiz əlavə edib.
Nastya Qəniyeva
15:47 27.10.2025
Oxunuş sayı: 1200