Rusiya Baş nazirinin müavini: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində nəzərəçarpan nəticələr əldə edilib
Rusiya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan seqmentinin yaradılmasında irəliləyişi qeyd edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İranda, Rəşt-Astara dəmir yolu hissəsində də fəal iş aparılır.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan hissəsində nəzərəçarpan nəticələr əldə edilib, İranda isə Rəşt – Astara dəmir yolu üçün torpaq sahələrinin alınması prosesi davam edir, geodeziya nəzarət şəbəkəsi işə salınıb, layihə-kəşfiyyat və aerofotoçəkiliş işləri aparılır. “Rəşt-Astara dəmir yolunun tikintisinə hazırlıq üzrə normal iş prosesi davam edir”, - deyə o, vurğulayıb.
A. Overçuk həmçinin qeyd edib ki, Azərbaycan Rusiya məhsullarının Ermənistana buraxılmasına hazır olduğunu bildirib.
“İki gün əvvəl Azərbaycan tərəfi bizə Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana daşınması üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqlədi. Bu baxımdan, bizdə də çox maraqlı irəliləyişlər var. Hazırda “Rusiya Dəmir Yolları” regiondakı həmkarları ilə birlikdə bu daşımaların necə təşkil edilməsi ilə bağlı məsələləri həll edir. Eyni zamanda, bu yeni logistika marşrutunu mənimsəmək üçün Kənd Təsərrüfatı Nazirliyi xətti ilə müvafiq göstərişlər vermişik”, - deyə A.Overçuk vurğulayıb.
16:02 26.10.2025
Oxunuş sayı: 1828