Şuşa beynəlxalq siyasi və iqtisadi əməkdaşlığın simvoluna çevrilir- Deputat
Nazirlər Kabineti Şuşa şəhərini gələn il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edib. Bu qərarın əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, xüsusilə də Şuşa, Xankəndi və digər şəhər və qəsəbələrimizin, ölkəmizin beynəlxalq imicində və qlobal diplomatiyada mühüm yer tutmasını təmin etməkdir.
Şuşa şəhərinin turizm paytaxtı elan edilməsi barədə Crossmedia.az saytına danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı elan edilməsi çox önəmli bir qərardır: “Bildiyiniz kimi, Şuşa artıq beynəlxalq, siyasi və iqtisadi diplomatiyanın, həmçinin bu diplomatiya çərçivəsində atılan addımların və qəbul olunan qərarların mərkəzinə çevrilib. Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi, eləcə də şəhərdə keçirilən beynəlxalq siyasi, humanitar və mədəni tədbirlər bu prosesin bariz nümunəsidir. Şuşanın turizm paytaxtı elan edilməsi həm də Qarabağın güclü potensialını, xüsusilə də onun turizm imkanlarını bir daha nümayiş etdirir”.
O, qeyd edib ki, Şuşa bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə regionun – Cənubi Qafqazın mədəni və tarixi mərkəzinə çevrilməkdədir: “Şuşa, artıq ölkə sərhədlərini aşaraq dünya miqyasında tanınan bir mədəni və turizm şəhərinə çevrilir. Güclü turizm potensialına malik olan Şuşa yaxın gələcəkdə Cənubi Qafqazın və daha geniş coğrafiyanın ən önəmli turizm mərkəzlərindən biri olacaq. Əminik ki, İqtisadi Əməkdaşlıq Təşkilatının bu qərarından sonra Şuşa dünyanın tanınmış turizm paytaxtları sırasında ən yüksək səviyyədə yer alacaq”.
Türkanə Məşədiyeva
19:32 25.10.2025
Oxunuş sayı: 1217