Azərbaycan və Ermənistan arasında sülh prosesinin qurulması istiqamətində çox ciddi addımlar atılıb - Deputat
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada keçirilən 4-cü Feminist Diplomatiyası üzrə Nazirlər Konfransı çərçivəsində panel müzakirəsində çıxış edərək Ermənistan və Azərbaycan arasında sülh prosesinə dair mühüm açıqlama verib. O bildirib ki, artıq hamıya məlumdur — iki ölkə arasında sülh qurulub. Nazir vurğulayıb ki, hazırda tərəflər münasibətlərin tam normallaşdırılması və dayanıqlı əməkdaşlıq mühitinin yaradılması istiqamətində intensiv səylər göstərirlər. Mirzoyanın sözlərinə görə, bu mərhələdə yalnız rəsmi sazişlərin imzalanması deyil, həm də cəmiyyətlərin barışması və qarşılıqlı etimadın bərpası xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, hökumətlərarası dialoqun davamlılığı ilə yanaşı, xalqlar arasında anlayış və qarşılıqlı hörmətin möhkəmlənməsi bölgədə sülhün uzunmüddətli təminatına xidmət edəcək.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması, sözün əsl mənasında, regionda sabitliyin təmin olunmasına xidmət edən çox vacib elementdir: "Sülhün qurulması, şübhəsiz ki, birbaşa sabitliyin təmin olunmasına gətirib çıxarır. Azərbaycan və Ermənistan arasında sülh prosesinin qurulması istiqamətində çox ciddi addımlar atılıb. Hesab olunur ki, avqustun 8-də Vaşinqtonda Ağ Evdə əldə olunmuş razılaşma bilavasitə sülhün bərqərar olunmasına xidmət edir. Cənab Prezident son çıxışlarında – həm Qəbələdə keçirilən TÜRK Dövlətləri Təşkilatının 13-cü Zirvə Sammitində, həm də Qazaxıstana etdiyi dövlət səfəri zamanı, o cümlədən Qazaxıstan mediasına verdiyi müsahibədə sülhün bərqərar olunması barədə çox ciddi fikirlər səsləndirib. Nəticə etibarilə, bütün bu proseslərin bilavasitə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün bərqərar olunmasına xidmət etdiyi xüsusilə vurğulanıb".
Deputat həmçinin qeyd edib ki, sülh olduğu təqdirdə ictimai barış və cəmiyyətlərarası etimadın qurulması üçün olduqca əlverişli şərait yaranır: "Bu istiqamətdə Ermənistanın da “ev tapşırıqları”nın olduğu, prosesin qurulması zamanı Ermənistan cəmiyyətinin öz daxilində də etimad quruculuğu ilə bağlı işləri yerinə yetirməsinin vacibliyi xüsusilə qeyd edilib. Etimad quruculuğu və ictimai barış sonrakı mərhələdə regionun inkişafına xidmət edən və sülhün dayaqlarını daha da gücləndirən sahələrdə əməkdaşlığı şərtləndirir. İqtisadi əməkdaşlığın qurulması üçün artıq çox ciddi addımlar atılıb. Zəngəzur dəhlizinin açılması, ən azından, tranzit yüklərinin daşınması istiqamətində çox əlverişli mühitin formalaşmasına gətirib çıxara bilər. Bununla bağlı Azərbaycan da öz addımlarını atmaqdadır. Prezident İlham Əliyev Qazaxıstanda çıxış edərkən bu məsələyə xüsusi münasibət bildirib və qeyd edib ki, Qazaxıstan taxılının Azərbaycan üzərindən tranzit keçərək Ermənistana çatdırılmasına artıq nail olunub. Bununla əlaqədar Azərbaycan Ermənistana daşınan tranzit yüklər üzərindəki məhdudiyyətləri aradan qaldırıb və Ermənistan da bu istiqamətdə addım atıb. Bu proses iqtisadi sahədə, xüsusilə beynəlxalq yükdaşımalarla məşğul olan strukturlar arasında əməkdaşlığın formalaşmasına şərait yaradır. Nəticə etibarilə, sülhün bərqərar olunması region üçün yeni imkanlar açır. Cənubi Qafqaz bölgəsi üzərindən Azərbaycanın bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirilən inteqrasiya layihələrinin inkişafa xidmət etdiyini nəzərə alaraq, sonrakı mərhələdə Ermənistanın da bu prosesə fəal surətdə qoşulması üçün əlverişli mühit yaranır. Bu da bərqərar olmuş sülh prosesindən irəli gələn haldır".
Türkan Kərimli
18:24 24.10.2025
Oxunuş sayı: 2115