TDT-nin yenilənmiş Fəaliyyət Planı türk dövlətlərin texnoloji inteqrasiyasının əsasını formalaşdırır - Baş katib
Türk Dövlətləri Təşkilatının (TDT) 2025–2026-cı illər üçün yenilənmiş Fəaliyyət Planı türk dövlətlərinin texnoloji inteqrasiyasının əsasını formalaşdırır.
Crossmedia.az xəbər verir ki, bunu TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində bildirib.
O qeyd edib ki, yenilənmiş fəaliyyət planı üzv ölkələr arasında süni intellekt, rəqəmsal və “yaşıl” texnologiyalar, standartlaşdırma, kosmik tədqiqatlar sahəsində əməkdaşlığı, həmçinin kiçik və orta biznesin dəstəklənməsini gücləndirməyə yönəlib.
Ömüraliyav vurğulayıb ki, nazirlər səviyyəsində görüş 12-ci TDT Sammitinin Qəbələdə uğurla baş tutmasından sonra keçirilir və türk dövlətlərinin strateji tərəfdaşlıqdan texnoloji inteqrasiyaya doğru mühüm addımını təşkil edir. Keçən il İstanbulda keçirilən ilk görüşdən bəri sənaye, elm, texnologiya və innovasiyalar sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
“Əldə olunan nəticələr arasında 2024-cü il Fəaliyyət Planının icrasında işçi qrupların və alt qrupların irəliləyişi, süni intellekt və rəqəmsal transformasiya sahəsində təcrübə mübadiləsi, Türkiyə və İstanbulda “Technofest”, Özbəkistanda isə “Innoweek” kimi beynəlxalq texnologiya festivalları vasitəsilə innovativ ekosistemin inkişafı yer alır”, – deyə o bildirib.
O, TDT-yə üzv ölkələrin intellektual mülkiyyət müəssisələrinin rəhbərlərinin Bişkekdə keçirilən ilk görüşünü və intellektual mülkiyyətin qorunması və innovasiyaların dəstəklənməsi üzrə əsas regional layihə kimi Ümumi Türk Patent Təşkilatının (CTPO) yaradılması təşəbbüsünün irəlilədilməsini vacib hadisə adlandırıb.
13:20 24.10.2025
Oxunuş sayı: 1266