Fərhad Məmmədov: Bu səfər sülh gündəliyi baxımından çox önəmlidir

Tanınmış politoloq Fərhad Məmmədov Ermənistanın paytaxtı İrəvana səfəri və orada keçirilən görüş barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, görüş Azərbaycan və Ermənistan arasında uzun fasilədən sonra sırf ikitərəfli formatda təşkil olunub.
Crossmedia.az xəbər verir ki, Məmmədov bildirib ki, paytaxt İrəvanda vətəndaş cəmiyyəti, ekspert dairələri və media nümayəndələrinin iştirakı ilə keçirilən görüşün baş tutması üçün hər iki ölkənin rəsmi qurumları zəruri şərait yaradıblar.
“Uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsi ‘Zvartnots’ hava limanına endi. Bu hadisə iki ölkə münasibətlərində gələcəkdə adi hala çevrilə biləcək mühüm detal kimi dəyərləndirilə bilər,” – deyə politoloq qeyd edib.
O vurğulayıb ki, bu dəfə bütün proses — uçuşdan tutmuş proqramın formalaşdırılmasına və mətbuat açıqlamasına qədər — sırf iki ölkənin təşəbbüsü ilə həyata keçirilib:
“Bu, sülh gündəliyi baxımından çox önəmlidir. Belə müstəqil görüşlər tərəflərə əlavə məsuliyyət qazandırır və sülh prosesinə yeni impuls verir.”
Fərhad Məmmədov əlavə edib ki, Vaşinqtonda imzalanmış Birgə Bəyanat Azərbaycanla Ermənistan arasında qarşılıqlı fəaliyyətin çərçivəsini müəyyənləşdirib və dövlət başçıları bu razılaşmaları möhkəmləndirmək istiqamətində addımlar atırlar.
“Bu, asan yol deyil, çünki xarici sponsor yoxdur. Bütün işlər ikitərəfli formatda aparılır,” – deyə o bildirib.
Politoloqun sözlərinə görə, İrəvandakı görüş yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik tam təmin edilib və tərəflər regional geosiyasət, ictimai narahatlıqlar və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
“İrəvanda şəhəri gəzib, illərlə mediadan izlədiyim yerləri öz gözlərimlə görmək maraqlı idi. Hətta təsadüfən tanıdığım bir erməni jurnalistlə də rastlaşdım,” – deyə o əlavə edib.
Məmmədov qeyd edib ki, həm erməni, həm də azərbaycanlı sosial platformalarda müxtəlif fikirlər səslənsə də, bu hal keçid dövrü üçün təbiidir:
“Cəmiyyətlər hələ sülh gündəliyinə uyğunlaşma mərhələsindədir. Əsas olan dövlətlərin iradəsidir. Əgər sabitlik və davamlı sülh üçün real şərait yaranıbsa, bundan maksimum istifadə olunmalıdır". (Musavat.com)
18:06 23.10.2025
Oxunuş sayı: 1355