Yeni siyasi xəttimiz qonşu Ermənistanla mehriban qonşuluq münasibətidir - Deputat

Bu gün Cənubi Qafqazda tamamilə yeni tarixi mərhələ başlanır – Azərbaycan ilə Ermənistan arasında uzun illərdən sonra sülh dövrünün formalaşması artıq real siyasi fakt kimi qəbul olunur. Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında səsləndirdiyi bəyanat həm regionun gələcək təhlükəsizlik arxitekturasının, həm də yeni əməkdaşlıq modelinin əsas konturlarını müəyyənləşdirir. Bu çıxış təkcə iki ölkə arasında barışığın mümkünlüyünü deyil, həm də regionun iqtisadi inteqrasiyasına, nəqliyyat-kommunikasiya dəhlizlərinin açılmasına, türk dünyasının siyasi həmrəyliyinin dərinləşməsinə yol açan strateji fürsət kimi qiymətləndirilir. Beləliklə, Azərbaycan artıq yalnız münaqişəni yekunlaşdıran deyil, eyni zamanda dayanıqlı sülh və inkişaf konsepsiyasını irəli sürən regional lider kimi çıxış edir.
Mövzu barəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib: "Azərbaycan düşünülmüş daxili və xarici siyasət nəticəsində torpaqlarını işğaldan azad etdi. Digər tərəfdən qalib ölkə olmağımıza baxmayaraq sülh müqaviləsi imzalanması təklifi bizdən gəldi. Ötən müddət ərzində bu ilin 8 avqustunda sülh müqaviləsi mətni hazırlandı və ölkəmiz qonşu Ermənistandan öz konstitusiyasında Azərbaycan ərazilərinə iddianın götürülməsini tələb etdi. Bu olacaqsa, artıq digər münasibətlərdə olacaq. Ancaq biz Ermənistan konstitusiyasında dəyişiklik gözləmədən artıq kommunikasiyaların bir hissəsini açmaq qərarına gəldik’’.
Deputat bildirib ki, Prezident İlham Əliyev Qazaxıstanda bu barədə məlumat verdi və bu məsələ Ermənistanda çox böyük sevinclə qarşılandı: ‘’Çünki Ermənsitanda ərzaq, xüsusilə də taxıl məhsullarında müəyyən qədər məhdudiyyət var. Belə götürəndə Azərbaycanın bu xoş addımı Ermənsitana mesajdır. Əgər bu mesaj Ermənistan tərəfindən dəstəklənərsə, növbəti addım atılarsa digərləri də atılacaq. Yeni siyasi xəttimiz qonşu Ermənistanla da mehriban qonşuluq, Türk dövlətlərilə yaxın qardaşlıq münasibətləridir. Eyni zamanda Azərbaycana uzanan dostluq əllərinin həmişə Azərbaycan tərəfdən qarşılıqlı sürətdə sıxmağa hazırıq”.
Zeynəb Xuduyeva
17:44 23.10.2025
Oxunuş sayı: 2073