Azərbaycan nümayəndələrinin Ermənistana getməsi tarixi mərhələdir - Səfər iştirakçısı

İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə tarixi ikitərəfli dəyirmi masa keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlığın artırılması və formatın davamlı olması məqsədi müzakirə edilib.
İrəvanda keçirilən bu görüş, uzun müddət sonra regionda etimadın bərpası istiqamətində mühüm addımdır. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin birbaşa dialoqa girməsi gələcəkdə əməkdaşlığın genişlənməsi üçün ümid yaradır. Belə təşəbbüslərin davamlı olması iki ölkə arasında normallaşma prosesini gücləndirə bilər.
Həmin görüş barədə toplantının iştirakçısı, Topçubaşov Mərkəzinin direktoru, siyasi analitik Rusif Hüseynov Crossmedia.az- a açıqlama verib.
O bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri tarixi əhəmiyyət daşıyır və səfər sırf ikitərəfli təşəbbüs çərçivəsində həyata keçirilib: "Bu görüş sülh prosesinə vətəndaş cəmiyyətinin töhfəsini müəyyən etmək və davamlılığı təmin etmək baxımından önəmlidir. Qeyd etmək istəyirəm ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət heyətin Ermənistana səfəri əslində tarixi bir mərhələdir. İndiyə qədər hər iki ölkənin müxtəlif ictimai-siyasi xadimlərinin, jurnalistlərinin, idmançılarının və bəzi hallarda deputatların müxtəlif tədbirlər çərçivəsində Azərbaycan və Ermənistana səfərləri baş tutmuşdur. Lakin bu dəfə reallaşdırılmış səfər sırf ikitərəfli təşəbbüsün və çərçivənin nəticəsidir. O baxımdan biz bu səfəri yüksək qiymətləndiririk".
Müsahibimiz söyləyib ki, səfərin məqsədi 8 avqustda Vaşinqtonda baş tutmuş tarixi görüş və orada imzalanmış birgə bəyannamənin ruhuna uyğun olaraq sülh prosesinə vətəndaş cəmiyyətinin töhfəsini müəyyənləşdirmək və bu prosesdə iştirak etməkdir: "Vurğulamaq istəyirəm ki, bu görüş bizim üçün çox əhəmiyyətlidir. İlk növbədə, səfərin sırf ikitərəfli xarakter daşıması və azərbaycanlı iştirakçıların birbaşa Ermənistana səfər edə bilməsi baxımından əhəmiyyətlidir. Qarşımızda müəyyən məqsədlər, planlar və fikirlər durur. Ümid edirik ki, öz nəzərdə tutduğumuz çərçivədə Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılan dövlətlərarası sülh gündəliyinə müəyyən töhfəmizi verə biləcəyik. Məqsədimiz isə bu prosesin ardıcıllığını və davamlılığını qoruyub saxlamaqdır. Xəbərlərdən də gördüyünüz kimi, bu görüşdə iştirak etmiş bütün üzvlər həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətindən gələn nümayəndələrlə görüşüblər. Onlar həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armin Qriqoryan ilə də görüşərək onun fikirlərini eşitmək imkanı əldə ediblər. Bu çox önəmli idi, çünki İrəvana səfər etmiş bir qrup kimi azərbaycanlı delegatlar Ermənistan dövlətinin mövqeyini öyrənmək və sülh prosesinə rəsmi İrəvanın baxışını anlamaq imkanına sahib oldular. Görüşdə müəyyən suallar qaldırmaq da böyük əhəmiyyət daşıyırdı. Armin Qriqoryan çıxışında əsasən nikifil mövzulara kökləndiyini göstərdi və proseslə bağlı optimizmini hiss etdirdi".
Ülvi Zahidov
15:29 23.10.2025
Oxunuş sayı: 1714