Azərbaycan Türk dünyasının əsas sütunlarındandır- RƏY
Azərbaycanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının
(TDT) Zirvə toplantısı Türk dünyasının birlik, sabitlik və ortaq gələcəyini
gücləndirən tarixi bir görüşdür.
Bunu TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qəbələdə
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair "X" hesabındakı
paylaşımında qeyd edib.
O bildirib ki, qardaşlıqdan doğan bu birlik regional sülh və
qlobal nizam üçün davamlı güc mənbəyidir.
B.Yıldırım, həmçinin qonaqpərvərlik üçün Azərbaycan liderinə
təşəkkür edib.
Qeyd edək ki, B.Yıldırım TDT-nin XII Zirvə Görüşündə
iştirak etmək üçün Azərbaycanda səfərdədir.
B.Yıldırımın paylaşımında qeyd etdiyi fikirlər barədə Crossmedia.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Azərbaycanda keçirilən TDT Zirvə Görüşü çox əhəmiyyətli və tarixi hadisədir: “Azərbaycan bu görüşə ev sahibliyi etməklə TDT-nin daha da güclənməsinə və təşkilat daxilindəki ölkələrin inteqrasiyasına töhfə vermiş olur. Bakı artıq bir neçə ildir ki, beynəlxalq münasibətlərin obyektindən subyektinə çevrilib. Eyni zamanda Azərbaycan sadəcə regional yox, qlobal siyasi oyunçudur. Bütün bunlarla əlaqədar olaraq, Azərbaycan bir qlobal güc kimi TDT daxilində rolu və nüfuzu artır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Türk dünyasının əsas sütunlarındandır".
Siyasi şərhçi bu görüşün əhəmiyyəti ilə bağlı danışaraq qeyd edib ki, Azərbaycanda keçirilən Zirvə Görüşü çərçivəsində çox mühüm qərarlar qəbul olunacaq və mühüm məsələlər müzakirə ediləcək: "Eyni zamanda bu görüş TDT liderlərinin bir araya gəlib ikitərəfli münasibətləri müzakirə etmələri üçün bir platformadır. Biz bunun nəticələrini toplantının sonunda görəcəyik".
Fatimə Hacıəliyeva
13:47 07.10.2025
Oxunuş sayı: 9702