Sabiq Baş nazir: Ermənistan hökumətinin “sülh kəsişməsi” “müharibə kəsişməsi”nə çevrilə bilər

“Avqustun 8-də Vaşinqtonda ABŞ-yə dəhliz vermək barədə Ermənistan hökumətinin qərarı öz “bəhrəsi”ni verir”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın sabiq Baş naziri Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bir neçə böyük Çin şirkəti yaxın günlərdə Ermənistan hökumətinin elan etdiyi Şimal-Cənub magistralının Sisian-Qacaran hissəsinin tikintisi üzrə tenderdə iştirak etməyəcək.
“Bu hissədə Barquşat və Qacaran tunelləri yerləşir (müvafiq olaraq 9,7 km və 7,2 km uzunluqda). Gorus-Qafan yolunu rəqibə verməkdən sonra bu, Ermənistan-İran tamhüquqlu nəqliyyat əlaqəsini bərpa edəcək yeganə ümid idi”, - deyə Baqratyan qeyd edib.
Ermənistanın sabiq Baş naziri bildirib ki, bazalt süxurlarında tunel qaza bilən dünyada yalnız bir neçə Çin şirkəti var.
“Bu yol istismara veriləcəyi halda Çinin “One road one belt” - İpək Yolu layihəsi İrana gələcək və sonra Ermənistan ərazisindən keçərək, Gürcüstanın Anakliya limanına, oradan isə gəmi ilə dənizdən və Dunay çayı ilə Avropanın dərinliklərinə çatacaqdı. Çin üçün bu variant seçilmişdi: bu yolda türk dövlətləri olmamalı idi. İndi isə bu, təhlükə altındadır. Məlum deyil ki, amerikalılar və türklər İrandan gələn magistralın Mehri dəhlizindən keçməsinə icazə verəcəklər, yoxsa yox. Biz təxminən 20 milyon ton tranzit yük dövriyyəsini itiririk.
Qorxuram ki, Ermənistan hökumətinin “sülh kəsişməsi” proqramı “müharibə kəsişməsi”nə çevrilsin. Ümid edək ki, yenə də bir neçə bacarıqlı şirkət tenderdə iştirak edəcək”, - deyə Baqratyan vurğulayıb.
21:42 12.08.2025
Oxunuş sayı: 1322