Tramp Putindən Ukrayna üçün ərazi almağa çalışacağını bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə cümə günü keçirəcəyi görüşdə Ukrayna üçün bəzi ərazilərin geri alınmasına çalışacağını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp mətbuat konfransında “Rusiya Ukraynanın böyük bir hissəsini, əsas ərazilərini işğal edib. Biz həmin ərazilərin bir qismini Ukraynaya qaytarmağa çalışacağıq” – deyib. ABŞ və Rusiya liderlərinin həftənin sonunda Alyaskada görüşü planlaşdırılır. Tramp görüşün ilk iki dəqiqəsində Putinin sülhə doğru addım atmağa hazır olub-olmadığını anlaya biləcəyini iddia edib. Onun sözlərinə görə, bu, daha çox ilkin tanışlıq xarakterli “yoxlama görüşü” olacaq və əsas məqsəd Putini müharibəni dayandırmağa təşviq etməkdir.
Tramp yenidən “ərazi mübadiləsi” ifadəsini işlədib, lakin Rusiyanın Ukraynaya hansı əraziləri verə biləcəyi barədə konkret məlumat verməyib. Qeyd edək ki, Kiyev heç vaxt Rusiya ərazilərinə iddia irəli sürməyib. O, əgər Putin “ədalətli razılaşma” təklif etsə, əvvəlcə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışacağını və sonradan Avropa liderlərini məlumatlandıracağını deyib.
Tramp Zelenski ilə münasibətlərinin normal olduğunu, lakin Ukrayna liderinin bəzi qərarları ilə ciddi şəkildə razılaşmadığını bildirib. O, həmçinin gələcəkdə Zelenski və Putinin də iştirakı ilə üçtərəfli görüşün mümkün olduğunu istisna etməyib.
Kreml isə Zelenski ilə görüş ehtimalını daim zəif qiymətləndirib və Putin dəfələrlə bu görüş üçün şərtlərin hələ formalaşmadığını vurğulayıb. Tramp ötən cümə günü Putinlə görüş qərarını elan edib – həmin gün həm də Rusiyaya atəşkəs üçün verdiyi son tarix idi.
Ukrayna Prezidenti Zelenski isə Alyaska görüşü barədə “Kiyevin iştirakı olmadan əldə edilən istənilən razılaşma ölü qərar olacaq” deyib. O, həmçinin Ukrayna kəşfiyyatının Rusiya tərəfinin döyüşləri dayandırmaq üçün heç bir hazırlıq görmədiyi barədə hesabatını xatırladıb.
Zelenskinin çərşənbə günü Tramp, ABŞ vitse-prezidenti Cey Di Vens və Avropa İttifaqı liderləri ilə virtual görüşü gözlənilir. Almaniya kansleri Fridrix Mersin sözçüsü görüşə Aİ və NATO rəhbərlərini də dəvət etdiyini bildirib. Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas isə açıqlamasında vurğulayıb ki, ABŞ və Rusiya arasında Ukraynanın və Avropanın iştirakı olmadan imzalanacaq hər hansı saziş qəbuledilməzdir.
Fidan Qarayeva
23:50 11.08.2025
Oxunuş sayı: 1471