Qidalar necə asılılıq yaradır?- Araşdırma

Çox işlənmiş (yəni çox emal olunmuş, tərkibində təbii olmayan maddələr olan) qidaların beyin üzərində yaratdığı mümkün təsirlər bəzi sağlamlıq mütəxəssislərini narahat edir. Onlar bildirirlər ki, bu qidaların çox qəbul olunması beyində müəyyən dəyişikliklərə səbəb olur və bu da həmin qidalardan uzaq durmağı çətinləşdirir. Xüsusilə gənclər bu baxımdan risk altındadır.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Zövq tələsi”
Beyində dopamin hormonunun ifrazı insanda xoşbəxtlik və zövq hissi yaradır. İstər narkotik maddə, istər pul, istərsə də gözəl təcrübə və ya yemək olsun beyin bütün zövqləri eyni şəkildə qəbul edir. Neyrobioloq Nora Volkov deyir ki, bu, insanın yaşaması üçün zəruri olan bir instinktdir: “Çünki uzun müddət ərzində qida qıtlığı olub və biz sağ qalmaq üçün motivasiyaya ehtiyac duymuşuq.”
Yeməklə dopamin ifrazı, narkotik kimi maddələrlə müqayisədə daha zəif və yavaş baş verir. Amma yeməklər daha əlçatan, ucuz və rahat olduğu üçün onlardan uzaq durmaq çətindir.
Tədqiqatlar göstərir ki, xüsusilə yağ və şəkər baxımından zəngin, aşırı işlənmiş qidalar digər yeməklərlə müqayisədə beyində daha güclü “mükafat” hissi yaradır.
Psixoloq Dr. Douqlas Lisle bunu belə izah edir: bədənimizin bioloji instinkti “ən az əziyyət və ən az enerji ilə ən çox zövqü axtarmağımızı” deyir – bu isə “qida zövq tələsi” yaradır.
Dopamin beyində vərdiş yaratmaq, istək duymaq və təkrarlamaqla əlaqəli olan glutamat adlı neyrotransmitterlə də qarşılıqlı təsir göstərir.
Çox işlənmiş qida nədir?
Bu termin üçün universal bir tərif yoxdur, amma ümumilikdə “evdə hazırlanan yeməklərdə olmayan maddələrdən ibarət olan qidalar” sayılır. Buraya dadlandırıcı, rəngləndirici və qoruyucu kimyəvi maddələr daxildir. Qazlı içkilər, şirniyyatlar və s.bura daxildir.
Ancaq ilk baxışda təmiz görünən bəzi qidalar da bu siyahıya düşə bilər – məsələn, çörək, qarğıdalı dənələri (qəhvaltılıq) və bəzi yoqurtlar.
Əgər çörək buğda unu, su, duz və maya ilə hazırlanıbsa – sadəcə “işlənmiş” sayılır. Amma onun tərkibində emulqator, qoruyucu və ya süni rəng varsa – “aşırı işlənmiş qida” hesab olunur.
BBC-nin təcrübəsi
BBC üçün bir sənədli filmdə həkim Dr. Chris van Tulleken bir ay boyunca gündəlik qidasının 80%-ni aşırı işlənmiş məhsullardan seçdi. Maraqlıdır ki, bu, Britaniyada əhalinin beşdə birindən daha az nisbət idi.
Təcrübə zamanı onun beynində mükafat sistemi ilə əlaqəli bölgələrin avtomatik davranışlara nəzarət edən sahələrlə yeni əlaqələr qurduğu görüldü. Dr. van Tulleken bu dəyişikliklərin siqaret və ya alkoqol istifadəsi zamanı beyində yaranan dəyişikliklərə bənzədiyini deyir. Hətta bu yeni beyin əlaqələri təcrübə bitdikdən sonra 6 həftədən çox davam etdi.
Yəni, mükafat hissi yaradan yeməklərin təkrar-təkrar qəbulu, bu yeməklərə qarşı yaranan güclü impulsları nəzarətdə saxlamaq qabiliyyətini azalda bilər.
Sənədli filmdə beynin ön hissəsi (prefrontal korteks) mükafat əsaslı qərarlarla, arxa kiçik hissə olan beyincik (serebellum) isə avtomatik davranışlarla əlaqələndirilib.
Dopaminin təsiri və təkrar ehtiyac
Dr. Lisle bildirir: dopamin nə qədər çox ifraz olunursa, bir o qədər təsiri azalır və əvvəlki zövqü almaq üçün daha çox qidaya ehtiyac yaranır.
Nora Volkow əlavə edir: sadəcə yeməyi görmək, qoxulamaq, eşitmək və ya düşünmək belə dopamin ifrazını başlada bilər. Bu isə iştahanı artırır. O qeyd edir ki, asılılıq və piylənməni “özünü idarə edə bilməmək” kimi izah etmək yanlış olar, çünki bu davranışları idarə edən beyin bölgələrinin düzgün işləməsi üçün sağlamlıq vacibdir.
Gənclər və təhlükə
İngiltərədə Imperial College London-un (ICL) araşdırmasına görə, uşaqların gündəlik aldıqları kalorinin 60%-i aşırı işlənmiş qidalardan gəlir. Hətta bəzi uşaqlarda bu nisbət 78%-ə çatır.
Bəzi alimlər hesab edir ki, yeniyetmələr “mükafat verici yeməklər”ə qarşı daha həssasdır. Səbəbi isə onların beynində riskləri dəyərləndirmə və davranışlara nəzarət mexanizminin 25 yaşa qədər tam inkişaf etməməsidir.
Dopaminin də bu dövrdə daha çox ifraz olunduğu və beynin mükafatları daha sürətlə öyrəndiyi məlum olub.
ICL araşdırması vurğulayır ki, uşaqlıq dövründə formalaşan yemək vərdişləri böyüklükdə də davam edə bilər.
Nigar Rəhimova
23:35 25.07.2025
Oxunuş sayı: 1398