Rusiyada “əbədi müharibə” hazırlığı: Qitələrarası raket zavodu genişləndirilir

Ukrayna mediasının iddialarına görə, Rusiyada nüvə başlığı daşıya bilən qitələrarası ballistik raketlər istehsal edən Votkinsk zavodu beynəlxalq sanksiyalara baxmayaraq fəaliyyətini genişləndirməyə davam edir.
Crossmedia.az xəbər verir ki, “Kyiv Independent” xəbər saytının yayımladığı sənədlərə əsasən, Rusiya, Ukrayna ilə müharibə başlayandan az sonra, ABŞ-yə çata biləcək “Bulava” tipli raketlərin hissələrinin istehsalı üçün bu zavoda sifariş verib. Zavod, əsasən Çin, Tayvan və Belarusdan alınan yüksək texnoloji avadanlıqlarla təchiz olunub və beynəlxalq vasitəçilər vasitəsilə sanksiyalardan yayınmağa nail olub.
Votkinsk zavodu hazırda minlərlə yeni işçi cəlb edib, əlavə istehsal binaları tikib və həm “İskander-M” qısa mənzilli, həm də “Yars” və “Bulava” kimi qitələrarası raketlərin istehsalını artırmaq üçün modernləşdirilib.
Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin (HUR) məlumatına görə, Rusiya bu genişləndirmə ilə yalnız hazırkı müharibə üçün deyil, illərlə davam edə biləcək bir qarşıdurma üçün raket ehtiyatı toplayır. Məlumata görə, Moskva artıq 600 “İskander-M” və 300 “İskander-K” raketini ehtiyatda saxlayır.
Ekspertlər bildirir ki, Votkinsk zavodunun “universal” avadanlığı Rusiyanın həm regional, həm də qlobal səviyyədə təhdidlərini artırmaq məqsədi daşıyır. Ukrayna hərbi analitikləri isə bu raketlərin artıq yalnız Kiyev üçün deyil, Vaşinqton və Avropa şəhərləri üçün də nəzərdə tutulduğunu iddia edir.
Mədinə Cəlilova
22:10 25.06.2025
Oxunuş sayı: 710