Turist qadın yanardağa düşdü – 4 gün sonra cansız bədəni tapıldı

İndoneziyada fəal Rinjani Yanardağında gəzinti zamanı uçuruma düşən braziliyalı turist Juliana Marinsin meyiti hadisədən dörd gün sonra tapılıb. 26 yaşlı qadın krater ətrafındakı cığırla hərəkət edərkən təxminən 600 metrlik dərinliyə düşərək yoxa çıxmışdı.
Crossmedia.az Braziliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, şənbə günü baş verən hadisədən sonra axtarış-xilasetmə işləri dərhal başlayıb, lakin güclü yağış, palçıq və zəif görünmə şəraiti səbəbindən işlər çətinliklə aparılıb. Nazirlik əlavə edib ki, Braziliyanın Cakartadakı səfirliyi prosesi yerli səlahiyyətlilərlə birlikdə yaxından izləyib.
İndoneziya Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Mohammad Syafii bildirib ki, Marinsin meyiti 600 metr dərinlikdə aşkarlanıb və həyat əlaməti qeydə alınmayıb. Axtarış zamanı xüsusi termal kameralarla təchiz olunmuş dronlardan istifadə edilib.
Juliana Marinsin ailəsi də sosial şəbəkə üzərindən açıqlama yayaraq onun ölümünü təsdiqləyib. Ailə “Böyük bir kədərlə bildiririk ki, Juliana artıq həyatda deyil” sözləri ilə ictimaiyyətə təşəkkür və başsağlığı mesajı paylaşıb.
Braziliya hökuməti isə faciəvi şəkildə həyatını itirən Marins-in ailəsinə və yaxınlarına rəsmi başsağlığı verib.
Mədinə Cəlilova
21:15 25.06.2025
Oxunuş sayı: 694