Qəzzada ölüm tələsi: Yardım bölgəsi atəş altındadır- FOTO


Qəzzada humanitar yardım gözləyən mülki şəxslər demək olar ki, hər gün İsrail atəşinin hədəfinə çevrilir. Birləşmiş Millətlər Təşkilatı, ABŞ və İsrail dəstəyi ilə fəaliyyət göstərən mübahisəli yardım sistemini “iyrənc” və “ölüm tələsi” kimi qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzanın mərkəz və cənub bölgələrində ən azı 46 fələstinli, İsrail əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirib. May ayının sonunda fəaliyyətə başlayan Qəzza Humanitar Fondu (GHF) çərçivəsində bölgədə 410-dan çox fələstinlinin İsrail atəşi və bombardmanı nəticəsində öldüyü bildirilib.
Qəzzalı bir ana, oğlunun un almaq üçün yardım nöqtəsinə getdiyi anda ağır yaralandığını deyib: “Uşaqlarımızın həyatı niyə bu qədər dəyərsizdir? Oğlum sadəcə qardaşlarını doyurmaq üçün bir az un gətirmək istəyirdi. İndi reanimasiyadadır”.
Nuseyratdakı əl-Avdə xəstəxanasından yayımlanan görüntülərdə güllə yarası alan gənclərin qan içində xəstəxanaya gətirildiyi, bütün yataqların tezliklə dolduğu və bir çox yaralının yerə uzadılaraq müalicə edilməyə çalışıldığı görülüb.
Hadisəyə şahid olanların dediyinə görə, minlərlə insan İsrailin nəzarətindəki yardım məntəqəsinə toplaşıb, daha sonra ordu atəş açıb. İsrail Müdafiə Qüvvələri (IDF) məsələ ilə bağlı açıqlamasında “Netzarim dəhlizində toplanma müşahidə olunub. IDF atəşi nəticəsində yaralananların olduğu barədə məlumatlar var. Detallar araşdırılır”,- deyə bildirib.
Lakin Qəzza Humanitar Fondu səhər saatlarında yayımladığı açıqlamada “yardım nöqtələrində hər hansı insident baş vermədiyini” bəyan edib.
Eyni günün səhəri, Qəzzanın cənubundakı başqa bir yardım nöqtəsində ən azı 25 nəfər həyatını itirib. BBC-yə danışan şahid Hatem Əbu Rjilə bildirib ki, səhər saat 05:00-də Rəfahın şimalındakı yardım nöqtəsinə gedib və paylama başlamazdan bir neçə dəqiqə əvvəl İsrail tankları xəbərdarlıq etmədən atəş açıb.
“Atəş birbaşa mülki şəxslərə yönəldi. Hər yer qan içində idi. 30-dan çox insan geri dönülməz şəkildə yaralana bilərdi. Biz sadəcə yaxın qohumumuzu götürüb qaça bildik”, – deyə şahid bildirib.
İsrail ordusu isə BBC-yə açıqlamasında “Rəfahdakı yardım məntəqəsində baş verdiyi iddia olunan hadisədən xəbərsiz olduqlarını” qeyd edib.
Bir ay əvvəl İsrail, Qəzzaya tətbiq etdiyi tam blokadanı qismən yüngülləşdirmişdi. Ardınca fəaliyyətə başlayan GHF, bu müddət ərzində 41 milyon porsiya yemək payladığını açıqlayıb. Rəsmi olaraq özəl təşkilat kimi tanınsa da, qeyri-şəffaf maliyyələşməsi və ABŞ-İsrail dəstəyi səbəbilə qurum geniş tənqidlərə məruz qalır. Təşkilat silahlı özəl mühafizə xidmətlərindən istifadə edir.
BMT və digər aparıcı humanitar təşkilatlar GHF ilə əməkdaşlıqdan imtina edir və onu İsrailin HƏMAS-a qarşı 20 aylıq müharibəsində siyasi məqsədlərə xidmət etməkdə və humanitar prinsipləri pozmaqda ittiham edir. İsrail isə GHF-ni Qəzzada HƏMAS-ın təsirini zəiflətmək üçün hazırladığı yeni yardım strategiyasının əsas elementi hesab edir.
Mədinə Cəlilova
20:45 25.06.2025
Oxunuş sayı: 670