İsrailin hədəf aldığı iranlı nüvə alimlərinin yaşadığı binalar görüntüləndi

İranın paytaxtı Tehranın Gişa və Merzdaran rayonlarında İsrailin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlarda hədəf alınan nüvə alimlərinin yaşadığı mülki binaların görüntüləri yayılıb.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin (AA) çəkdiyi kadrlarda hücumların məhz yaşayış məntəqələrində yerləşən binalara endirildiyi aydın görünür.
İyunun 13-də İsrailin İrana qarşı başladığı hava hücumları nəticəsində ümumilikdə 11 iranlı nüvə alimi həyatını itirib. Onların əksəriyyəti Tehranda yerləşən evlərinə edilən hücumlarda öldürülüb. AA-nın danışdığı təhlükəsizlik mənbələrinə görə, hücumların əksəriyyəti ölkə daxilindən buraxılan partlayıcı yüklü mini PUA-lar vasitəsilə, bəziləri isə mini raketlərlə həyata keçirilib.
İyunun 20-də Gişa rayonunda bir yaşayış binasına PUA ilə hücum təşkil olunub. Yerli mediada yer alan məlumatlara görə, hücum nəticəsində bir nüvə alimi həyatını itirib. AA-nın çəkdiyi görüntülərdə binanın alt mərtəbələrində ciddi dağıntıların olduğu, ön cəbhədəki daşıyıcı sütun və kirişlərin demək olar ki, tamamilə sıradan çıxdığı müşahidə olunur. Dağıntının miqyası hücumun binanın əsas konstruksiyasına birbaşa yönəldiyini göstərir. Hücum nəticəsində ətraf binalarda da zərər qeydə alınıb.
Merzdaran rayonunda da digər bir nüvə alimi hədəfə alınıb. Beş mərtəbəli binanın yuxarı mərtəbələrinin vurulduğu, ən üst mərtəbənin isə tamamilə dağıldığı bildirilib. Həmin hücumda adı açıqlanmayan bir nüvə aliminin öldüyü qeyd olunub.
Elə həmin rayonda başqa bir nüvə aliminə evində sui-qəsd cəhdi edildiyi də məlum olub. Adı açıqlanmayan alim hücumdan yaralı xilas edilib. Hadisə yerində çəkilən görüntülərdə binanın tavan və daşıyıcı strukturlarında yanıq izləri və ciddi struktur deformasiyaları müşahidə olunur. Bu da hücumda yüksək partlayıcı gücə malik sursatlardan istifadə edildiyini göstərir.
Hücumlar başladıqdan sonra Tehrandan ayrılan bəzi sakinlər atəşkəs xəbərindən sonra şəhərə geri dönüblər. Nüvə alimlərinin yaşadığı evlərə edilən hücumlar zamanı qonşu mənzillərin də ciddi zərər gördüyü diqqət çəkib. Atəşkəsin ardınca evlərinə dönən sakinlərin bir qismi dağıntılar altında qalmış əşyalarını göz yaşları ilə axtarıblar. Bələdiyyə əməkdaşları hazırda zərər görmüş binaların dağıntılarının təmizlənməsi işlərini davam etdirir.
Mədinə Cəlilova
20:30 25.06.2025
Oxunuş sayı: 760