48 kritik saat: Tramp atəşkəs qərarını necə verdi?

İsrail və İran arasında atəşkəs əldə olunmasından sonra beynəlxalq ictimaiyyət ABŞ Prezidenti Donald Trampın bu qərarı necə verdiyini və tərəfləri necə razı saldığını müzakirə edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, Tramp İranı vurduqdan dərhal sonra atəşkəs üçün təşəbbüs göstərməyə başlayıb.
Tayms yazır ki, Tramp bu qərarı seçkilərdə ona səs verən və müharibələrə qarşı olan elektoratı nəzərə alaraq verib. Washington Post isə qeyd edir ki, ABŞ-nin hücumundan dərhal sonra Tramp diplomatik kanallarla sülh axtarışına çıxıb.
Bu çərçivədə Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Witkoff İran xarici işlər nazirliyinin nümayəndəsi Abbas Arakçi ilə əlaqə saxlayaraq, “Nə edə biləcəyimizi gördünüz. Daha artığını da etməyə qadirik. Amma biz sülh istəyirik. Siz də istəməlisiniz”, - deyib.
Eyni vaxtda Tramp İsrail Baş naziri Benyamin Netanyahunu axtararaq hücumların dayandırılmasını istəyib. Netanyahu isə bildirib ki, əgər İran hücumları dayandırarsa, İsrail də cavab verməyəcək.
ABŞ Prezidenti paralel olaraq dövlət katibi Marko Rubio və vitse-prezident Vensi İranla birbaşa və dolayı təmaslar üçün vəzifələndirib. Lakin The Timesin məlumatına görə, ABŞ və İran arasında etimad qalmadığı üçün Tramp Qətəri də prosesə cəlb edib. O, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sanini şəxsən axtararaq vasitəçilik xahiş edib. Əmir isə İranla danışıqları aparmaq üçün baş nazirini təyin edib.
İran tərəfi əvvəlcə ABŞ-nin atəşkəs təklifinə isti baxmayıb və Qətərdə yerləşən ABŞ hərbi bazasına öncədən xəbər verərək cavab zərbəsi endirib. Elə həmin gecə İsrail Baş naziri Netanyahu təhlükəsizlik kabinetini toplayaraq bütün əsas hədəflərin vurulduğunu elan edib.
Bundan bir neçə saat sonra Tramp sosial şəbəkələr vasitəsilə atəşkəsin əldə olunduğunu bəyan edib.
Mədinə Cəlilova
19:08 25.06.2025
Oxunuş sayı: 744