Çində danışığı tərcümə edən ağıllı maska hazırlanıb

Çinin Şençjen şəhərində ağıza taxılan və danışılan sözləri real vaxtda tərcümə edə bilən “danışan maska” prototipi hazırlanıb. Bu yenilikçi texnologiya Mandarin Çin dilində deyilənləri ingilis dilinə avtomatik çevirərək istifadəçiyə anında tərcümə imkanı yaradır.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Məhsul xüsusilə Çinli valideynlərin övladları ilə ingilis dilində danışmasına şərait yaratdığı üçün sosial mediada böyük maraq doğurub. Bununla yanaşı, maskanın turistlərlə yerli sakinlər arasında ünsiyyəti asanlaşdırmaq məqsədilə otellərdə, taksilərdə və hava limanlarında istifadəsi də nəzərdə tutulur. Texnologiyanın, həmçinin kosmos missiyaları və münaqişə bölgələri kimi səsli ünsiyyətin çətin olduğu mühitlərdə şifrəli tərcümə və əlaqə vasitəsi kimi istifadə edilə biləcəyi bildirilir.
Lakin maska sosial mediada qarışıq reaksiyalarla qarşılanıb. Bəzi istifadəçilər bu texnologiyanı müsbət qiymətləndirsə də, bəziləri süni sistem səsinin şəxsi səs kimliyini əvəz etməsini narahatedici hesab edir.
Hazırda prototip mərhələsində olan maskanın ölçüsünün böyük və istifadəsinin əlverişsiz olduğu qeyd edilir. Gələcəkdə isə onun daha kiçik və estetik formaya salınaraq bazara çıxarılması planlaşdırılır. Çin mətbuatı bu texnologiyanın çinli valideynləri “ingiliscə danışan kiborglara” çevirə biləcəyini vurğulayıb.
Nigar Rəhimova
05:59 25.06.2025
Oxunuş sayı: 990