İranın Qətərdəki ABŞ bazasına hücumu geniş regional qınaqla qarşılandı

İranın Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd aviabazasına endirdiyi raket hücumu Yaxın Şərqdə geniş narazılığa səbəb olub. Bir sıra ölkələr və beynəlxalq qurumlar hücumu qınayaraq mövqelərini açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas hücumu pisləyib və bölgədə gərginliyin artmasının qarşısının alınmalı olduğunu bildirib.
Türkiyə, İordaniya, Misir və Livan da İranın Qətərə hücumunu qəti şəkildə pisləyərək, bölgədə sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Səudiyyə Ərəbistanı isə rəsmi bəyanatla çıxış edərək, Qətərin İranın hücumlarına verəcəyi istənilən cavabı tam şəkildə dəstəkləyəcəyini bildirib.
Birləşmiş Ərəb Əmirlikləri də İranın Əl-Udeyd aviabazasına hücumunu pisləyən ölkələr sırasına qoşulub.
Körfəz Əməkdaşlıq Şurası isə beynəlxalq ictimaiyyəti İranın “məsuliyyətsiz və təhlükəli” hərəkətlərinin qarşısını almağa çağıraraq bölgədəki sabitliyə təhdidlərin artmasından narahatlığını ifadə edib.
02:00 24.06.2025
Oxunuş sayı: 1035