Psixoloqlara görə telefon vərdişləri narsisizmin göstəricisi ola bilər

Instagram və TikTok kimi platformalarda sərf olunan saatlar, şəxsiyyət pozuntularının əlamətlərini verə bilər.
Crossmedia.az xəbər verir ki, mütəxəssislər sosial media istifadəsindəki artışın, xüsusilə narsisistik meyillər baxımından diqqətlə izlənməsi lazım olduğunu bildirirlər.
Psixoloqlara görə narsisizm özünü mərkəzə qoymaq, özünü ucaldatmaq, empati çatışmazlığı və daim bəyənilmək arzusu kimi xüsusiyyətlərlə xarakterizə olunur. Yeni araşdırmalar, bu xüsusiyyətləri daşıyan şəxslərin psixoloji pozuntular, münasibət problemləri və maddə asılılığı kimi ciddi risklərlə daha çox qarşılaşdığını göstərir.
Polşadakı Qdansk Universitetində aparılan bir araşdırma, narsisistik meyilləri müəyyənləşdirməyin sadə yoluna diqqət çəkir: sosial media istifadə forması. Tədqiqatçılar bildirirlər ki, sosial media platformalarından kompulsiv (idarəolunmaz) istifadə və bu vərdişdən imtina edə bilməmək, narsisistik şəxsiyyət xüsusiyyətləri ilə birbaşa əlaqəlidir.
Araşdırma çərçivəsində sosial media istifadə edən 665 nəfərlə iki mərhələli sorğu keçirilib. Mərhələlər arasında səkkiz ay fasilə olan tədqiqat nəticəsində müəyyən narsisistik xüsusiyyətlərə sahib olan şəxslərin sosial media asılılığına daha çox meyilli olduğu ortaya çıxıb.
Nəticələrə görə, bəyənilmə arzusu, rəqabətçilik və tərif axtarışı kimi narsisistik meyillər sosial media asılılığı ilə birbaşa bağlıdır. Digər tərəfdən düşmənçilik və təcrid olunma kimi xüsusiyyətlərin sosial media istifadəsinin artması ilə daha da gücləndiyi müşahidə olunub. Bu isə bəzən narsisistik davranışların sosial media asılılığının bir nəticəsi ola biləcəyini göstərir.
Tədqiqatçılar qeyd edirlər ki, narsisist şəxslərin öz imiclərinə olan obsesiyası onların sosial mediada daha çox vaxt keçirməsinə səbəb olur. Çünki bu platformalar istifadəçilərə daim necə göründüklərinin qiymətləndirildiyi bir mühit təqdim edir və bu da narsisist meyilli şəxsləri cəlb edir.
Sosial media asılılığı təkcə psixoloji deyil, fiziki və sosial problemlərə də səbəb olur. Gerçək həyatda sosial əlaqələrdən uzaqlaşma, yuxu pozuntuları, təhsil və ya iş performansında eniş kimi təsirlər, mütəxəssislərin diqqət çəkdiyi təhlükələr sırasındadır.
Araşdırmada narsisizmin altı fərqli forması təhlil edilib: heyranlıq, rəqabət, düşmənçilik, təcrid, qəhrəmanlıq və müqəddəslik. Bu növlərdən yalnız müqəddəslik – yəni özünü müqəddəs və ya üstün görmə meyli – sosial media asılılığı ilə əhəmiyyətli bir əlaqə göstərməyib.
Digər tərəfdən, sosial media istifadəsi ilə bağlı diqqətçəkən başqa məlumatlar da mövcuddur. Kembric Universitetinin 2024-cü ilə aid tədqiqatına görə, Böyük Britaniyada gənclərin demək olar ki, yarısı sosial mediaya asılı olduqlarını bildirir. Yetkinlərin isə təxminən səkkizdə biri həddindən artıq internet istifadəsi də daxil olmaqla davranış asılılığı ilə mübarizə aparır.
Maraqlı bir başqa nəticə isə Frontiers in Psychology jurnalında dərc olunan tədqiqatda ortaya çıxıb. Araşdırmaya görə, ət istehlakı da narsisistik şəxsiyyət pozuntusu ilə əlaqəli ola bilər. Əgər bu vərdiş “biz qida zəncirinin zirvəsindəyik” kimi hierarxik arqumentlərlə əsaslandırılırsa, bu münasibət “Qaranlıq Üçlük” (narsisizm, makyavelizm, psixopatiya) şəxsiyyət xüsusiyyətləri ilə əlaqələndirilir.
Böyük Britaniyada hər 20 nəfərdən birinin narsisistik şəxsiyyət pozuntusu diaqnozu aldığı təxmin edilir. Lakin narsisistik xüsusiyyətlər göstərən insanların sayı əslində çox daha yüksək ola bilər. Mütəxəssislər narsist fərdlərin manipulyativ, idarəedici və emosional istismara meyilli ola biləcəyinə diqqət çəkirlər. Bu isə xüsusilə yaxın münasibətlərdə ciddi problemlərə yol aça bilər.
Nəticə olaraq, sosial media istifadəsi təkcə bir vərdiş deyil, eyni zamanda fərdin psixoloji portretinə dair mühüm ipucları verir. Narsisistik meyillərlə sosial media arasındakı əlaqə həm fərdi, həm də cəmiyyət baxımından diqqətlə təhlil olunmalı bir mövzu olaraq qalır.
Mədinə Cəlilova
12:15 25.05.2025
Oxunuş sayı: 593