Türk xalqları mətbuatına həsr olunan sanballı kitab çap edilib

BDU-nun Jurnalistika fakultəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədlinin “Türk xalqlarının müasir mətbuatı. ll hissə“ kitabı çapdan çıxıb. 278 səhifəlik kitabın elmi redaktoru mərhum professor Nəsir Əhmədli, rəyçiləri professorlar Qulu Məhərrəmli, Allahverdi Məmmədli, Akif Rüstəmov və mərhum dosent Mübariz Əhmədovdur. Əsərdə türk birliyi kontekstində Qaqauz, Krım, Kumık, Çuvaş, İdel və Ural türklərinin müasir mətbuat orqanlarının fəaliyyəti araşdırılır və təhlil edilir. Kitabda tarixi prizmadan yanaşaraq geniş faktoqrafik materiallar əsasında türk toplumlarının ictimai həyatında mətbuatın yeri və rolu tədqiq edilir. Qeyd olunur ki, müxtəlif tarixi şəraitdə, ən çətin dönəmlərdə türk xalqlarının mətbuat orqanları fəaliyyət göstərdikləri məkanda xalqın hüquqlarını müdafiə etmiş, onu maarifləndirmiş, təşkilatlandırmış, mütərəqqi ideyalar ətrafında birləşdirib vahid amal uğrunda mübarizəyə səsləmişdir. Media vasitələri həmişə milli düşüncənin daşıyıcısı olmuş və milli mücadilə yolunda böyük fədakarlıqlar göstərmişdir.
Kitab türk dünyası, siyasi və ictimai elmlər sahəsində çalışan alimlər, tədqiqatçılar, jurnalistika fakültəsində təhsil alan tələbələr, magisttrantlar, mətbuat nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Əsər 6 fəsildən ibarətdir. 1-ci fəsildə Qaqauz türklərinin etno-siyasi tarixi, mətbuatının yaranması və milli dövlətçilik uğrunda mübarizəsi təsvir edilmişdir. Qaqauz türkləri tarixən Bolqarıstanın şimalı, indiki Rumıniya və Bessarabiya ərazilərində məskunlaşmaqla sanki ümumtürk coğrafiyasından ayrı düşmüş , amma eyni zamanda öz milli varlıqlarını qoruyub saxlamaqla böyük fədakarlıqlar göstərmişlər. XX əsrin əvvəllərində ilk milli mətbuat orqanı yaratmaqla və müasir milli varlıqlarını orataya qoymaqla öz milli məram və məqsədlərini açıq şəkildə bəyan etmişlər. Bu gün isə Qaqauz türkləri milli dövlət qurumuna, bütün dövlət rəmzlərinə, idarəetmə sisteminə, milli media vasitələrinə və digər ictimai, siyasi, iqtisadi, mədəni və sosial mərkəzlərə sahibdirlər.
2-ci fəsildə Krım türklərinin etno-siyasi tarixi, mətbuatı və fəaliyyəti göstərilib. Krim türklərinin etno-siyasi inkişaf tarixi də əhəmiyyətli hadisələrlə zəngin olmuşdur. İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetinin nəşri ilə bərabər milli düşüncənin, milli mənliyin formalaşması prosesi əsaslı şəkildə güclənmişdir. Krım türklərinin milli mətbuatı XX əsrin əvvəllərində milli dövlətçiliyin formalaşmasına zəmin yaratdı, çox sayda milli ziyalılar, ictimai xadimlər yetişdirdi, müasir Avropa dəyərlərini cəmiyyətə təqdim etməyi bacardı.
3-cü fəsildə Kumık türklərinin milli mətbuatının yaranması,sovet və müasir dövrdə fəaliyyətindən söz açılıb. Müəllif təəssüflə qeyd edib ki, kumık türklərinin tarixi və ictimai siyasi həyatı haqqında geniş araşdırma yoxdur. Totalitar sovet hakimiyyəti illərində milli adət-ənənələrin qorunub saxlanılması, milli dəyərlərin inkişafı, xalqın özünüdərk prosesinin gücləndirilməsi ilk növbədə mətbuatın fəaliyyəti ilə bağlı olmuşdur. Müasir dövrdə kumık türklərinin mətbuatı milli hərəkatın və əsasən Dağıstan daxilində müxtariyyət uğrunda mübarizənin əsas vasitələrindən birinə çevrilmişdir. Hazırda media vasitələri kumık türklərinin ictimai-siyasi hədəflərini müəyyən edir, milli təşkilatların yaradılmasına və fəaliyyətinə hərtərəfli dəstək verir.
Digər fəsillərdə Çuvaş, İdel, Ural türklərinin tarixi və ictimai həyatı, oxşar dilləri, mətbuatı haqqında geniş məlumat verilib. Yerləşdikləri coğrafi məkana görə bu toplumlar ümumi tale yaşamış, eyni milli məqsədlər uğrunda birgə, bir-birindən yararlanaraq mübarizə aparmışlar. Çuvaş türkləri ,əsasən, xristian dininin provoslav qoluna sitayiş edirlər və İdel türkcəsinin özünəməxsus şivəsində danışırlar. İdel və Ural türklərinin böyük əksəriyyəti islam dininə sitayiş edir. Yalnız İdel türkləri müəyyən zaman axarında xristian dinini qəbul etmişdir. “Parçala və hökm sür” siyasətinin qurbanı olan bu toplum iki hissəyə parçalanmış, Tatarıstan və Başkortostan respublikalarını təşkil etmişlər.
XX əsrin əvvəllərində Rusiyanı bürüyən inqilabi çıxışlar çar hökümətini müəyyən güzəştlərə getməyə məcbur etmişdir. Müxtəlif illərdə Çuvaş, İdel, Ural türklərinin mətbuat orqanları meydana gəlmiş və elə ilk dövrlərdən başlayaraq qəzet və jurnalların redaksiyaları milli mərkəzlərə çevrilmiş və bununla da milli özünüdərk uğrunda mübarizə yeni müstəviyə keçmişdir.
Ümumilikdə, əsərdə mətbuatın ayrı-ayrı qollarının formalaşması, ayrı-ayrı siyasi təşkilatlara xidmət edən dövrü mətbuat orqanları, gənclər, qadınlar və fəhlələr üçün nəşr olunan qəzetlərdən söz açılıb. Həmçinin kitabda milli mədəniyyətin inkişafı, ana dilinin qorunması, türk toplumlarının qarşısında duran problemlər və bu kimi məsələlər işıqlandırılmışdır.
Qeyd edək ki, “Türk xalqlarının müasir mətbuatı” kitabının l hissəsi 2019-cu ildə dərc edilmişdir.
Səbiyyə Əliqızı
17:33 15.05.2025
Oxunuş sayı: 901