BDU və Pakistan Universiteti arasında anlaşma memorandumu imzalanıb


Bakı Dövlət Universiteti (BDU) ilə Pakistan İslam Respublikasının İslamabad Fond Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, imzalanma mərasimində çıxış edən rektor Elçin Babayev beynəlxalq əməkdaşlıqların gücləndirilməsinin universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu qeyd edib. O, Pakistanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan İslamabad Fond Universiteti ilə imzalanan memorandumun universitetlər arasında elmi-tədqiqat əməkdaşlığının, akademik mübadilə proqramlarının genişləndirilməsi, birgə innovativ layihələrin həyata keçirilməsinə töhfə verəcəyini bildirib.
Memorandum iki universitet arasında geniş spektrli əməkdaşlığı nəzərdə tutur. Sənəddə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Memorandumu BDU rektoru Elçin Babayev və İslamabad Fond Universitetinin Muhammad Kaleem Asif imzalayıb.
19:14 12.05.2025
Oxunuş sayı: 989